Qlobal Forum çərçivəsində “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel iclas keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu martın 14-də işini panel iclaslarla davam etdirib.
Fhnews.az xəbər verir ki, Direktorlar Şurasının üzvü, Fortescue Ltd, EksonMobil Şirkətinin sabiq vitse-prezidenti, İnsan Alverinə Qarşı Qlobal Kampaniyanın rəhbəri Cin Baderşnayderin moderatorluğu ilə keçirilən “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” adlı panel iclasına əvvəlcə Birləşmiş Krallığın və Şimali İrlandiyanın Birləşmiş Krallığının sabiq Baş naziri Boris Conson video formatında qoşularaq çıxış edib. O qeyd edib ki, Qlobal Bakı Forumunda bütün dünyanı narahat edən məsələlər müzakirə olunur. “Hər birimizin öhdəliyi gələcək barədə düşünmək və töhfə verməkdir. Biz daha yaxşı Yer kürəsində yaşamaq istəyiriksə, bunun üçün lazımı işləri də görməliyik”,- deyə Boris Conson bildirib.
Kuala Lumpur şəhərinin meri Maimuna Mohd Şərif sosial həll yollarının gələcəyi dəyişdirə biləcəyinə diqqət çəkib. Onun sözlərinə görə, yanacaq istifadəsinin böyük hissəsi şəhərlərdə müşahidə olunur: “Bu, şəhərləri sosial müzakirələrə daxil etməyin vacibliyini göstərir. Sosial həlləri müzakirə edərkən bunları nəzərə almalıyıq”.
BMT Baş Assambleyasının 73-cü Sessiyasının sədri, Ekvadorun sabiq xarici işlər naziri Mariya Fernando Espinoza qeyd edib ki, əsas məqsəd hər bir ölkə üçün detallı yol xəritələri hazırlamaqdır. Onun sözlərinə görə, bu xəritənin düzgün formalaşdırılması 2050-ci ilə qədər həmin ölkəni və onun iqtisadi sektorlarını mövcud vəziyyətdən iqlim neytrallığı və iqlim davamlılığına aparacaq.
Milli Məclisin deputatı, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai COP29-un uğurlu nəticələri barəsində danışmaqdan qürur duyduğunu vurğulayıb: “Biz COP29-da müxtəlif tərəfləri bir araya gətirdik və razılığa gəlməyin vacibliyini göstərdik.
Azərbaycanın bu sahədə olduqca geniş potensialı var. Külək və günəş enerjilərindən başqa geotermal enerji kimi digər mənbələri də araşdırırıq”.
Tonqanın Qanunvericilik Assambleyasının sədri Lord Fakafanua iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində davamlı həll yollarının vacib olduğunu bildirib. İqlim probleminin bütün dünya üçüb qlobal olduğuna diqqət çəkən Lord Fakafanua əlavə edib ki, iqlim dəyişikliyinə qarşı mübarizəni gecikdirmək bir növ intihara bənzəyir.
Dünya Ətraf Mühit və Resurs İqtisadçıları Assosiasiyasının prezidenti, BMT SDSN Qlobal İqlim Mərkəzinin sədri, AE4RIA-nın direktoru Foebe Koundouri iqlim dəyişikliyi ilə mübarizənin bütün dünya üçün qlobal məsələ olduğuna diqqət çəkib: “Burada müzakirə edilən mövzular hər kəs üçün çağırışdır. İqlim dəyişikliyi bütün sahələri məhvə doğru aparır. Xüsusilə iqtisadi baxımdan iqlimlə mübarizə üçün ayrılan maliyyə kifayyət qədər olmalıdır.”
Şanxay Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi, Tacikistanın sabiq xarici işlər naziri Rəşid Əlimov COP29-un uğurlu yekunları ilə bağlı Azərbaycanı təbrik edib. Əlavə edib ki, COP29 bütün dünya üçün iqlimlə mübarizə istiqamətində böyük yeniliklər yaradıb. “İqlim dəyişikliyi ilə mübarizə sahəsində bir çox ölkə öz üzərinə öhdəlik götürsə də, reallıqların çox sürətlə dəyişdiyini bilmək lazımdır. Çünki iqlim dəyişmələrinin tezliyi artıb və bu bir çox fövqəladə hal yardır. Hər il Mərkəzi Asiya ölkələri fərqli formada təbii fəlakətlə üzləşirlər. Təəssüf ki, təbii fəlakətlərin sayının artması maliyyələşmədə də boşluqlar yaradır”.
“Liberal International” təşkilatının prezidenti, COP21-in vitse-prezidenti, Mərakeş Krallığının iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Hakima El Haite yeni dünyada iqlim dəyişikliyi məsələsinin proritet olduğunu deyib. Onun sözlərinə görə, dünyanın bir çox yerində hər il 100 minlərlə insan iqlim böhranının qurbanı olur. Əgər qarşısı alınmasa, bu səbəbdən həyatını itirən insaların sayı getdikcə artacaq”.
WWF-nin İqlim və Enerji Təcrübəsinin rəhbəri, COP20-nin prezidenti, Perunun sabiq ekologiya naziri Manuel Pulqar Vidal COP tədbirləri çərçivəsində yeni addımlar atmağın vacibliyinə diqqət çəkib. O qeyd edib ki, yeni həll yolları ancaq birgə fəaliyyətlə əldə oluna bilər.
Panel mövzu ətrafında müzakirələrlə davam edib.
XII Qlobal Bakı Forumunun sonuncu panel...
Süni intellekt və real həllər tibbi...
XII Qlobal Bakı Forumu: “Gənclər...
Milli Məclisin Beynəlxalq münasibətlər...
Nazir: Səhiyyə sənayesi texnoloji...