14 mart 2025, cümə Bakı, 12°C
IMG-LOGO

Azərbaycanlı tələbələrin Türkiyədə aerokosmosmik innovasiyalar üzrə təcrübə mübadiləsi başlayıb

14-03-2025
IMG

Bu gündən etibarən Azərbaycan universitetlərinin tələbələrinin kosmos, aerokosmos, aviasiya, innovasiyalar, texniki elmlər, süni intellekt və mühəndislik sahələrində təcrübə mübadiləsi ilə bağlı Türkiyəyə səfəri başlayıb.

Fhnews.az xəbər verir ki, “Azərkosmos”un KOSMİK Akademiyasının təşkilatçılığı və Türkiyənin Gökmen Aerokosmik və Aviasiya Mərkəzinin (GUHEM-Gökmen Uzay ve Havacılık Merkezi) dəstəyi ilə həyata keçirilən səfər çərçivəsində ölkəmizin 14 universitetini təmsil edən tələbə, gənc alim, təhsil işçiləri və rəhbər şəxslərdən ibarət heyət Türkiyənin müxtəlif aparıcı kosmos və aviasiya təşkilatları ilə tanış olacaq, bu sahələrdə təcrübə mübadiləsi aparacaqlar.

Martın 19-dək davam edəcək səfər çərçivəsində tələbələr, Bursada yerləşən GUHEM və Bursa Texnoloji Koordinasiya və AR-GE Mərkəzi (BUTEKOM), Ankaradakı Türkiyə Aerokosmik Agentliyi, TürkSat şirkəti, Müdagiə Texnologiyaları, Mühəndislik və Ticarət (STM) şirkəti, HAVELSAN, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumu (TUBİTAK), PLAN-S Peyk və Aerokosmik Texnologiyalar mərkəzi, Orta Doğu Texniki Universiteti, İstanbulda isə Türkiyənin müdafiə sənayesi liderlərindən “Baykar” şirkəti, Türk Aerokosmik Sənayesi-TUSAŞ, İstanbul Texnopark, Bilişim Vadisi - Texnologiya İnkişaf Zonası kimi sahə üzrə bir sıra mərkəzlərində nəzəri və praktiki təcrübə mübadiləsi keçəcəklər.

Layihənin məqsədi gənc mütəxəssislərin kosmos, aerokosmos və digər texnoloji sahələrdə nəzəri və praktiki biliklərini artırmaq, həmçinin beynəlxalq təcrübə mübadiləsini keçirərək, Azərbaycan gənclərinin sözügedən sahələrdə gələcəyin güclü mütəxəssisləri kimi inkişaf etmələrinə dəstək olmaq, bununla da Azərbaycanda peşəkar kadrların və insan kapitalının inkişafına dəstək göstərməkdir.

Layihənin rəsmi açılış mərasimi martın 15-də Bursada keçiriləcək.

Paylaş: