ADPU-da müəllimlərin işə qəbulu imtahanı ilə bağlı infosessiya təşkil edilib
Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və “Alqoritmika-Azərbaycan” şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilən “Code for Future” layihəsi çərçivəsində universitetin sonuncu tədris ili tələbələri üçün müəllimlərin işə qəbulu imtahanı ilə bağlı maarifləndirmə xarakteri daşıyan “MİQ infosessiyası” adlı görüş təşkil edilib.
Bu barədə ADPU-dan məlumat verilib.
Tədbirdə çıxış edən ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva müəllimlik peşəsinin artan nüfuzundan, regionlarda müəllim kadrlarına olan tələbatdan, həmçinin gənc müəllimlərin yerli icmalara dəstək verməsinin vacibliyindən danışıb. K.Pirverdiyeva gənc müəllimlərin müasir innovativ təlim yanaşmalarını tətbiq edərək, şagirdlərin öyrənmə prosesinə müsbət təsir göstərə biləcəklərini vurğulayıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Layihələrin təşkili və idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi Fəridə Həsənli müəllimlərin işə qəbul (MİQ) müsabiqəsinə müraciət və elektron sistemlə iş qaydaları, eləcə də MİQ-ə müraciət və yerdəyişmə statistikaları barədə geniş təqdimat edib.
“Alqoritmika-Azərbaycan” şirkətinin layihələr üzrə direktoru Qəmər Məmmədova və şirkətin “Code for Future” layihəsinin rəhbəri Nəzrin Əliyeva müəllimlik peşəsinin üstünlüklərindən, bu sahədəki perspektiv imkanlardan, eləcə də “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsindən və planlardan söz açıblar. Qeyd edilib ki, layihənin bütün regionları əhatə etməsi planlaşdırılır.
Çıxışlarda, həmçinin Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi islahatlar, müəllimlərin əməkhaqlarının artırılması, onların sertifikasiyası əsasında fərqli əməkhaqqı sisteminin və rəğbətləndirmələrin tətbiqi, region məktəblərinin maddi-texniki təchizatlarının yaxşılaşdırılması məsələləri müzakirə olunub.
Görüşün sonunda tələbələr tərəfindən ünvanlanan suallar cavablandırılıb.
BDU-da kibergigiyena və onlayn...
“Sabahın alimləri” XIV Respublika layihə...
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də...
ADA Universitetində 11-ci Bahar Gənclik...
BDU-nun “Gənc istedadlar” liseyinin...