15 mart 2025, şənbə Bakı, 11°C
IMG-LOGO

İtaliyada güclü yağış sel və daşqınlara səbəb olub

14-03-2025
IMG

İtaliyanın mərkəzi hissəsində yerləşən Toskana və Emiliya-Romanya bölgələrində yağan güclü yağış sel və daşqınlara səbəb olub.

Mətbuatda yer alan xəbərə görə, Toskana və Emiliya-Romanya bölgələrində dünəndən bəri qeydə alınan şiddətli yağış müəyyən nöqtələrdə gündəlik həyata mənfi təsir edib.
Sözügedən iki bölgədə həddindən artıq yağıntı səbəbindən ən yüksək xəbərdarlıq "qırmızı" olaraq verildiyi halda, bu ərazilərdəki çay və dərələrin su səviyyəsi artıb. 

Sesto Fiorentino qəsəbəsindən keçən Rimaqcio çayı səhər saatlarında daşıb. Bu səbəbdən bir çox küçələr su altında qalıb və İtaliya yanğınsöndürmə briqadası avtomobilləri ilə yolda qalan sürücülərə yardım edib. Bələdiyyə vətəndaşlara evlərini tərk etməmək və maşın sürməmək barədə də xəbərdarlıq edib. Bundan başqa, Toskananın Florensiya və Piza şəhərlərindən keçən Arno çayında suyun səviyyəsinin qalxması qorxulu həddə çatıb. Bu səbəbdən 1-ci dərəcəli daşqın təhlükəsi xəbərdarlığı edilib.

Toskana Regional Hökumətinin sədri Eugenio Giani bölgədəki çayların, xüsusən də Arno çaylarının vəziyyətinin Mülki Müdafiə tərəfindən yaxından izlənildiyini və Arnoda daşqın olacağı təqdirdə artıq suyun boşaldılması planının hazır olduğunu açıqlayıb. 

Milli dəmir yolu şəbəkəsinin kritik qovşağı olan Florensiyada yağışlar səbəbindən qatarların hərəkətində də fasilələr yaranıb.

Vəziyyətin kritik olduğu Toskana və Emilia-Romanyanın bəzi şəhərlərində məktəblər, bəzi iş yerləri bu gün və sabah bağlı olacaq. 

Bolonyada yağan leysan yağışlar şəhərin mərkəzindəki bəzi yeraltı keçidlərin su altında qalmasına səbəb olub.

Paylaş: