14 mart 2025, cümə Bakı, 12°C
IMG-LOGO

Baş Prokurorluqda aktual hüquqi problemlərin həlli üçün yeni təkliflər müzakirə edilib

14-03-2025
IMG

Hüquq üzrə tanınmış simalarla təmsil olunan Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

Fhnews.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. İclasda baş prokuror Kamran Əliyev vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrin təkmilləşdirilməsinə istiqamətləndirilmiş geniş miqyaslı islahatedici tədbirlər ölkə qanunvericiliyinin müasir tələblərə cavab verməsini mütləq edir.

Çıxışda qeyd edilib ki, ilk növbədə, hüquq-mühafizə sahəsində fəaliyyət göstərən dövlət məmurları təcrübədə rastlaşdıqları hüquqi problemləri dərindən təhlil etməli, onların optimal həlli yollarını müəyyən etməli və hüquq ictimaiyyətinin müzakirəsinə çıxarmalıdırlar.

İclasda peşə səhlənkarlığına görə cinayət məsuliyyətinin müəyyən edilməsi, vergi və “qara mühasibatlıq” sənədlərinin ekspertizası zamanı yaranan fikir ayrılıqları və ziddiyyətlər, habelə milli və xarici valyutadan istifadə etməklə törədilən müxtəlif kateqoriya cinayətlər üzrə pul vəsaitlərinin cinayətin alət və vasitəsi kimi qiymətləndirilməsində olan problemlər müzakirəyə çıxarılıb.

İclas çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmış “Milli və beynəlxalq qanunvericiliyin kontekstində: etik davranış qaydaları və şəxsi həyat anlayışı” adlı məcmuənin, eləcə də ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi ilə birgə hazırlanmış “Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə əməlinin cinayət-hüquqi xarakteristikası və istintaq təcrübəsi” adlı metodiki vəsaitin təqdimatları keçirilib.

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclasında qaldırılan məsələlərə dair ətraflı müzakirələr aparılıb. Şura üzvlərinin rəy və təklifləri dinlənilib, təqdimatları keçirilmiş vəsaitlər maraqla qarşılanıb.

Paylaş: