14 mart 2025, cümə Bakı, 13°C
IMG-LOGO

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb
 

14-03-2025
IMG

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Milli assosiasiyadan verilən məlumata görə, əvvəlcə AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov 2025-2026-cı illər mövsümü üçün Premyer Liqaya yüksəlməyə namizəd olan klubların infrastrukturu, maddi-texniki bazası, stadionlarda olan mövcud çatışmazlıqlar haqqında məlumat veriblər.

AFFA İcraiyyə Komitəsi tərəfindən 2025-2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar elitaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 il möhlət verilib. Bu xüsusi qayda yalnız bu il Premyer Liqaya yüksələcək komandalara şamil ediləcək.

Daha sonra C.Fərəcullayev aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçi postuna namizədlərlə bağlı məlumat verib. 21 yaşlı futbolçulardan ibarət milli komandanın baş məşqçisi vəzifəsinə Ayxan Abbasov təyin olunub. Onunla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.

Elxan Abdullayev U-19, İlham Yadullayev U-18 (2008-ci il təvəllüd), Aqil Nəbiyev isə U-17 (2009-cu il təvəllüd) yığmalarının sükanı arxasına keçiblər. Onların hər biri ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalanıb.

İcraiyyə Komitəsi AFFA-nın növbəti Hesabat Konfransının tarixini də müəyyənləşdirib. AFFA-nın növbəti Hesabat Konfransı aprelin 11-də keçiriləcək.

Bundan başqa, iclasda Elçin Məmmədovun öz istəyi ilə AFFA İntizam Komitəsindən ayrılması təsdiqlənib.

Paylaş: