14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

“Mübahisələrin həlli” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsi təsdiq edilib

14-03-2025
IMG

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupu”nun 2025-ci il üzrə əsas hədəflərini əks etdirən Yol Xəritəsi təsdiqlənib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Komissiyanın sədri, Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov tərəfindən təsdiq edilən Yol Xəritəsi biznes mühitinin əlverişliliyinin artırılması və ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması üzrə həm qanunvericilik, həm də təşkilati tədbirləri əhatə edir.

Yol Xəritəsinin icrası çərçivəsində cari il ərzində icra sənədi üzrə icraatın effektivliyinin artırılması məqsədilə borclunun üçüncü şəxslərə qarşı pul tələbinə tutmanın yönəldilməsi, “Borcluların reyestri” informasiya sisteminin yaradılması, daşınmaz əmlak üzərində hüquqlara dair aktual məlumatların “Elektron icra” informasiya sisteminə inteqrasiya əsasında tam ötürülməsi, icra sənədinin icrası zamanı inkasso sərəncamlarının icrası qaydasının təkmilləşdirilməsi və digər islahatların aparılması nəzərdə tutulur.

Bununla yanaşı, kommersiya mübahisələri üzrə verilmiş apellyasiya şikayətlərinə baxılması müddətlərinin uzanmasına təsir edən faktorların müəyyənləşdirilməsi, təxirə salınmış məhkəmə iclasları arasındakı müddətlərin tənzimlənməsi və məhkəmə, icra və mediasiya sahəsində statistikanın aktuallığının təmin edilməsi ilə bağlı işlərin görülməsi gözlənilir.

Yol Xəritəsində özəl sektor nümayəndələri, o cümlədən konsaltinq şirkətləri və biznes assosiasiyalarının qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onlara müvafiq kömək göstərilməsi məsələsinə də xüsusi diqqət yetirilib. Bu məqsədlə ayda bir dəfə tematik mövzular üzrə birgə görüşlərin keçirilməsi və müzakirələrin aparılması nəzərdə tutulub.

“Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi”nin tam mətni ilə Komissiyanın internet portalında tanış olmaq mümkündür.

Xatırladaq ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupu”na ədliyyə nazirinin müavini Toğrul Hüseynov rəhbərlik edir.

Paylaş: