12 mart 2025, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Kistoz-fibroz xəstəliyinin diaqnostikası icbari tibbi sığorta hesabına aparılır

12-03-2025
IMG

Kistoz-fibroz irsi metabolik xəstəlik olub, əsasən tənəffüs, həzm və endokrin sistemdə fəsadlar yaradır. Xəstəliyin dəqiq və vaxtında müəyyən edilməsi onun idarə olunması və pasiyentlərin həyat keyfiyyətinin artırılması baxımından vacibdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, kistoz-fibrozun diaqnostika və stasionarda terapevtik müalicəsi icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində təminata alınıb.

Xəstəlik, xüsusilə erkən yaş dövründə müəyyən əlamətlərlə özünü büruzə verir. Yenidoğulmuşlarda bu xəstəliyin əsas göstəricilərinə uzun müddət davam edən sarılıq, düz bağırsağın sallanması, xroniki diareya və ya qəbizlik, davamlı öskürək, təngnəfəslik, pnevmoniya, pankreatit, dərinin duzlu dadda olması, azçəkililik, əzələ, oynaq ağrısı və fiziki inkişafın ləngiməsi daxildir. Xəstəliyin əlamətləri uşağın yaşından asılı olaraq dəyişir və fərqli simptomlarla özünü göstərir.

Kistoz-fibroz xəstəliyinin dəqiq diaqnostikası üçün kompleks yanaşma tələb olunur. Kistoz-fibrozlu uşaqlar erkən diaqnoz qoyulmadıqda ciddi tənəffüs və həzm problemləri ilə qarşılaşa bilər. Diaqnostika üçün aparılan əsas laborator analizlər ionoforez metodu ilə tərin toplanması, tər testində xlor və natrium ionlarının miqdarının müəyyən edilməsi, pankreatik elastaza-1 testi, qanda və bəlğəmdə bakterioloji analizləridir. Bu laborator analizlərin hər biri icbari tibbi sığorta çərçivəsində tam şəkildə qarşılanır.

“Tər testi” bu xəstəliyin diaqnostikasında "qızıl standart" hesab olunur. Tər testinin nəticələrinin dəqiqləşdirilməsi üçün genetik testlər də aparıla bilər. Eyni zamanda, nəcisdə pankreas elastazası (kəmiyyət təyini) pasiyentin mədəaltı vəzinin həzm fermentlərinin istehsalı baxımından nə qədər aktiv olduğunu müəyyən etməyə imkan verir ki, bu da xəstəliyin diaqnostikası baxımında əhəmiyyətli testlərdəndir.

Tənəffüs problemləri və ağciyər zədələnmə dərəcəsini qiymətləndirmək üçün ağciyərlərin rentgen müayinəsi, spirometriya, ağciyərlərin, burun ətrafı ciblərin kompüter tomoqrafiyası, mədəaltı vəz və bağırsaqların müayinəsi üçün qarın boşluğu orqanlarının USM müayinəsi və qarın boşluğu üzvlərinin kompüter tomoqrafiyası, eləcə də tibbi göstəriş əsasında laborator analizlər və digər müayinələr həkim təyinatına uyğun olaraq icbari tibbi sığorta təminatı ilə həyata keçirilir.

Kistoz-fibroz diaqnozu qoyulan pasiyentlər ixtisaslaşmış tibb müəssisələrində stasionar terapevtik müalicəyə cəlb olunurlar. Bu xəstələr üçün antibiotik terapiya, fizioterapiya, vitamin dəstəyi və bəlğəm durulaşdırıcı preparatlar stasionar terapevtik müalicə zamanı icbari tibbi sığorta çərçivəsində təmin edilir.

Bu tibbi xidmətlərdən yararlanmaq üçün vətəndaşlar ilkin olaraq ailə həkiminə və ya pediatra müraciət etməlidir. İcbari tibbi sığorta təminatına daxil olan bu xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarında icra edilir.

Paylaş: