13 mart 2025, cümə axşamı Bakı, 11°C
IMG-LOGO

BDU-da elmi seminar: “Planetimizin buzlaşma mərhələləri”

13-03-2025
IMG

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində 27 Mart - Azərbaycanda Elm Gününə həsr edilən elmi seminar keçirilib.

BDU-dan verilən məlumata görə, seminarda Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Hidrogeologiya və geoekologiya şöbəsinin rəhbəri, coğrafiya elmləri doktoru Vaqif Məmmədov “Planetimizin buzlaşma mərhələləri” mövzusunda çıxış edib.

Seminarı açan Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov son illər gənclər arasında elmi araşdırmalara marağın artdığını bildirib. Onun sözlərinə görə, bunu magistratura və doktoranturaya qəbul olunanların sayının artması da təsdiqləyir.

Coğrafiya elmləri doktoru Vaqif Məmmədov məruzəsində diqqətə çatdırıb ki, hər il Yer kürəsində təxminən 72 milyon km² sahəyə malik ərazi qarla örtülür. Qarın sıxlığı 0,05-0,45 q/sm³ olduğu halda, sıxılmış qarın sıxlığı 0,40-0,83 q/sm³ təşkil edir. Buzlaqlar formalaşanda isə sıxlıq 0,90 q/sm³-ə çatır. Yer kürəsində bütövlükdə buzlaşma sahəsi 16,3 milyon km²-ə yaxındır. İqlimin formalaşmasında və sirkulyasiyasında onlar əhəmiyyətli rol oynayır, buzlaqlar əriyəndə isə Yer səthinin albedosu dəyişir və istixana effekti yaranır.

Məruzədən sonra dosentlər Əfqan Talıbov, Şəkər Məmmədova, müəllimlər Şəfiqə Hümbətova, Ləman Həsənəliyeva, Nərmin Qocayeva və başqalarının sualları cavablandırılıb.

Tədbirdə Vaqif Məmmədovun “Planetimizin buzlaşma mərhələləri” adlı monoqrafiyasının təqdimatı da keçirilib.

Paylaş: