Azərbaycanın Almaniyadakı səfiri Zaarland əyalətinə səfər edib
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev martın 10-11-də bu ölkənin Zaarland əyalətinə səfər edib.
Səfirlikdən verilən məlumata görə, səfər çərçivəsində Nəsimi Ağayev ikitərəfli münasibətləri daha da inkişaf etdirmək məqsədilə Zaarland əyalətinin siyasət, biznes və elm sahəsinin aparıcı nümayəndələri ilə görüşlər keçirib.
Səfir əvvəlcə Zaarland əyalətinin baş nazirinin müavini və iqtisadiyyat, innovasiya, rəqəmsallaşma və energetika naziri Yürqen Barke ilə görüşüb. Nəsimi Ağayev Azərbaycanın iqtisadi potensialı barədə həmsöhbətini məlumatlandırıb, Zaarland şirkətləri üçün Azərbaycanda geniş sərmayə imkanlarının olduğunu diqqətə çatdırıb. Görüşdə ticarət əlaqələri, yeni əməkdaşlıq sahələri və birgə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra səfirin Zaarland Sənaye və Ticarət Palatasının baş icraçı direktoru Frank Tome ilə görüşü olub. Görüşdə Azərbaycanı investisiya məkanı kimi cəlbedici edən amillər barədə məlumat verilib. Xüsusilə, Zaarland şirkətləri üçün Azərbaycanın sürətlə inkişaf edən iqtisadi sektorunda əməkdaşlıq imkanları, eləcə də enerji və nəqliyyat sahələrində həyata keçirilən irimiqyaslı layihələr barədə müzakirələr aparılıb.
Daha sonra akademik sahədə əməkdaşlığın müzakirəsi məqsədilə Nəsimi Ağayev Zaarland Universitetinin Beynəlxalq əlaqələr və Avropa üzrə vitse-prezidenti professor Dominik Brodovski və Universitetin Avropa İnstitutunun direktoru professor Mark Bunqenberq ilə görüşüb. 2003-2005-ci illərdə Zaarland Universitetinin Avropa İnstitutunda Avropa Hüququ üzrə magistr dərəcəsi almış səfir Nəsimi Ağayev bu təhsil ocağı ilə Azərbaycanın uzunmüddətli əlaqələrini yüksək qiymətləndirib. Qeyd edilib ki, hazırda Zaarland Universitetində 41 azərbaycanlı tələbə təhsil alır. Onlardan 12 nəfəri Avropa İnstitutunda təhsilini davam etdirir. Görüşdə, həmçinin Zaarland Universitetinin Azərbaycan universitetləri ilə əməkdaşlığının daha da genişləndirilməsi imkanları ətraflı müzakirə edilib.
Səfərin sonunda səfir Nəsimi Ağayev Avropa İnstitutunda təhsil alan azərbaycanlı tələbələrlə görüşərək, onların əldə etdikləri təcrübələri dinləyib və gənc nəslin Azərbaycan-Almaniya münasibətlərinin möhkəmləndirilməsindəki mühüm rolunu vurğulayıb.
Arayik Harutyunyan Gəncənin bombalanması...
Azərbaycan əraziləri işğal altında...
Milli Məclisin növbəti plenar iclasının...
Milli Məclis Nazirlər Kabinetinin...
Qlobal Bakı Forumunda panel iclası -...