14 mart 2025, cümə Bakı, 12°C
IMG-LOGO

Ucarda əkin sahələrinin vaxtında suvarılması üçün meliorativ tədbirlər görülür

14-03-2025
IMG

Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayon ərazisində yerləşən əkin sahələrinin vaxtında suvarılması üçün meliorativ tədbirlər görülür.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, ötən il Quləbənd kəndində 1240 metr, Alpout kəndində 800 metr torpaq məcralı kanal beton üzlüyə alınıb. Bu da əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına kömək edib. Bundan başqa, 344 kilometr məsafədə 732 min kubmetr həcmində, kollektor-dren şəbəkələrində, şirə kanallarında isə 54,5 kilometr məsafədə, 208 min kubmetr həcmində lildən təmizlənmə işləri görülüb. Buraya Kəsbər, Alpout, Qazyan, Şahlıq, Bağman, Boyat, Yuxarı Şilyan, Bərgüşad, Qaradağlı, Qazqumlaq, Məlikballı, Ramal, Əlikənd, Xələc və Qızlıq magistral kanalları daxildir. Cari ildə çaylarda sel sularının artması ilə əlaqədar suvarma kanallarında erkən lillənmə baş verdiyindən təkrar lildən təmizləmə işləri görülüb.

İdarə əkin sahələrini suvarma suyu ilə təmin etməklə yanaşı, əhalinin içməli suya tələbatını da ödəyir. Görülən işlər nəticəsində abonentlərə fasiləsiz və dayanıqlı içməli su çatdırılır. İdarə tərəfindən ümumi olaraq içməli su şəbəkəsində baş verən 194, kanalizasiya şəbəkəsində isə 15 qəza vaxtında aradan qaldırılıb.

Qeyd edək ki, Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayonda 29 min hektara yaxın suvarılan torpaq sahələrinə xidmət edir. Əsas su mənbələri Şirvan Suvarma Kanalı, Türyançay və Göyçay çaylarıdır.

Paylaş: