14 mart 2025, cümə Bakı, 12°C
IMG-LOGO

Aqrar Tədqiqatlar Mərkəzində tədqiqatçılar, magistrant və doktorantlar üçün seminar keçirilib
 

14-03-2025
IMG

Aqrar Tədqiqatlar Mərkəzində “Akademik yazı və kənd təsərrüfatına dair elmi jurnallarda məqalə nəşri sahəsində tədqiqatçıların bilik və bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda beşgünlük seminar keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, onlayn seminara nazirliyin elmi-tədqiqat institutlarının və digər tabeli qurumlarının, eləcə də elm və təhsil müəssisələrinin akademik kontingenti, tədqiqatçılar, doktorant və dissertantlar qatılıb. Həmçinin seminar Aqrar Tədqiqatlar Mərkəzinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanıb. Hər iki platformada seminara maraq böyük olub.

Seminarda Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımovun və həmin universitetin Elm şöbəsinin müdiri Lətifə Ağamalıyevanın “İndekslənən jurnallarda elmi məqalələrin hazırlanmasına qoyulan tələblər”, “Jurnal seçimi və məqalənin təqdimat prosesi” və “Elmi platformalarda müəllif profilləri və elmi sosial şəbəkələrdə istifadə” mövzularında çıxışları dinlənilib.

Həmçinin Sidney Universitetinin müəllimi, “Food policy” jurnalının həmredaktoru David Ubilava “Kənd təsərrüfatı iqtisadiyyatı üzrə akademik nəşr: doğru yanaşma və uğurlu tətbiq etmə”, Zaqreb Universitetinin kənd təsərrüfatı fakültəsinin müəllimləri Tajana Cop və Magdalena Zrakic Susac “Tədqiqatçı nöqteyi-nəzərindən elmi jurnallarda nəşrlə bağlı təcrübə” və “Uğurlu nəşr üçün bizə lazım olanlar: cari trendlər, struktur və komponentlər, rəyçilərə cavab”, Corvinus Budapeşt Universitetinin müəllimi, Dayanıqlı İnkişaf İnstitutunun rəhbəri, “Agricultural Economics” jurnalının baş redaktoru Attila Jambor isə “Bir məqaləni ən yaxşı şəkildə necə dərc etmək olar?” mövzularında təlim aparıb, təcrübələrini bölüşüb, təqdimatla çıxış ediblər.

Seminarın məqsədi iştirakçıların nüfuzlu beynəlxalq jurnallarda elmi yazılarının dərc olunması sahəsində bilik və peşəkar bacarıqlarını inkişaf etdirməkdir.

Paylaş: