14 mart 2025, cümə Bakı, 16°C
IMG-LOGO

Portuqaliyadakı Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib

14-03-2025
IMG

Portuqaliyanın Lissabon şəhərində bu ölkədə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, görüşdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa ölkələri şöbəsinin müdiri Leyla Həmzəyeva və onun müavini Əli Əliyev komitənin fəaliyyəti haqqında geniş məlumat veriblər, Portuqaliyada ilk dəfə təşkil olunan belə görüşün əhəmiyyəti vurğulanıb, dünya azərbaycanlılarının təşkilatlanmasının vacibliyinə toxunulub.

Sonra komitənin fəaliyyəti, xaricdəki Azərbaycan evləri, Koordinasiya şuraları, həftəsonu məktəbləri, həyata keçirilən çoxsaylı digər layihələr barədə videoçarx nümayiş olunub.

ölkəmizin Müqəddəs Taxt-Tacda və Portuqaliyadakı səfirliyinin müşaviri Mikayıl Ramazanlı Portuqaliyadakı icmamızın fəaliyyətindən bəhs edərək, Azərbaycan diasporunun iki ölkə arasında münasibətlərin inkişafına müsbət töhfə verdiyini bildirib. O, ölkəmizin tanıdılmasında, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan soydaşlarımızın rolunun əhəmiyyətindən danışıb.

İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının Portuqaliya üzrə koordinatoru Milana Seyidzadə Şuranın fəaliyyəti barədə məlumat verib, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyinə diqqət çəkib.

Belə görüşün keçirilməsini, müxtəlif istiqamətlərdə fikir mübadiləsinin aparılmasını yüksək qiymətləndirən soydaşlarımız bundan sonra da diaspor siyasətinə öz töhfələrini verəcəklərini deyiblər.

Görüş geniş fikir mübadiləsinin aparılması, perspektivlərin müzakirəsi, təkliflərin səsləndirilməsi və sualların cavablandırılması ilə davam edib.

Paylaş: