16 mart 2025, bazar Bakı, 9°C
IMG-LOGO

Süni intellekt və real həllər tibbi xidmətlərə çıxışı genişləndirə bilər - YENİLƏNİB

15-03-2025
IMG

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu martın 15-də işini panel iclaslarla davam etdirib.

Fhnews.az xəbər verir ki, UNESCO-nun Rasizmə Qarşı Şəhərlərin Koalisiyası təşkilatının rəhbəri Benedetto Zaçirolinin moderatorluğu ilə keçirilən sessiya "Qlobal səhiyyə böhranda: Hazırlılıq və bərabərlikdə yeni cəbhələr" mövzusuna həsr olunub.

Panel sessiyada çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev səhiyyə sənayesinin texnoloji irəliləyişlərin, məlumatlara əsaslanan qərarların qəbulu və fərdiləşdirilmiş tibbin birləşməsi ilə formalaşacağını bildirib. O, süni intellekt və real həllərin ən mühüm töhfələrindən birinin ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi yolu ilə tibbi xidmətlərə çıxışın genişləndirilməsi olacağını diqqətə çatdırıb.

Nazir bildirib ki, pandemiya və xəstəliklərin yayılması kimi qlobal səhiyyə böhranı dağıdıcıdır. Eyni zamanda, müsbət dəyişikliklər üçün imkanlar yaradılır. Bu böhranlar vaksinlərdə, müalicə üsullarında və tibbi texnologiyalarda təcili yeniliklərə təkan verir.

Böyük Britaniyanın Lordlar Palatasının üzvü Suzan Qrinfild çıxışında rəqəmsal transformasiyanın dünyada baş verən dəyişikliklərə uyğun olaraq insan beyninə təsir göstərdiyini söyləyib. Qeyd edib ki, dünyada baş verən hadisələr müsbət məcrada gedirsə, insan beyni buna köklənir, lakin neqativ tendensiyalar beynin qavrama və analiz etmə funksiyalarına mənfi təsir edə bilər.

Qrinfild, həmçinin rəqəmsal texnologiyaların inkişafı ilə paralel olaraq beynin sağlamlığına yönəlmiş elmi araşdırmaların və maarifləndirmə tədbirlərinin vacibliyini də vurğulayıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldin deyib ki, inkişafın istiqamətləri bu gün düşünülməli, həm də qidalanma məsələsi təşviq edilməlidir. Düzgün qidalanma xüsusilə ucqar rayonlarda yaşayan yoxsul analar üçün vacibdir. İlk növbədə, onlar tam çəkiyə uyğun körpələr həyata gətirəcək. İkincisi, həmin körpələr ana südü ilə qidalana biləcəklər.

"Bütün bunlar çox vacibdir. Problemlərin ilk təzahürləri məhz buradadır. Bu gün teletibb və süni intellektlə keçmiş illərdə mümkün olmayan rabitə şəbəkələrinə çatmaq imkanımız var”, - deyə İsmail Serageldin əlavə edib.

Moldovanın sabiq Baş naziri Çiril Qaburici bildirib ki, kiçik və ya kasıb ölkələr maliyyə vəsaiti əldə etməkdə çətinlik çəkirlər. Məlumatların paylanması bərabər deyil və çoxlu problemlər var. O, səhiyyə siyasəti, düzgün protokollar, səhiyyə xidmətlərinə çıxış və onların saxlanılması baxımından əlavə işlər görülməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, eyni zamanda, dövlət qurumları da ictimaiyyətə lazımi dəstəyi verməlidir.

İsrailin sabiq Prezidenti, Knessetin keçmiş sədri (2006-2009), Hadassah Tibb Təşkilatının İdarə Heyətinin sədri Daliya İtzik qlobal səhiyyə məsələsinin son dərəcə vacib olduğunu bildirib. Qeyd edib ki, dünya pandemiyalar, iqlim dəyişikliyi və müxtəlif səhiyyə siyasətlərinin tətbiqi fonunda bu cür problemlərlə üzləşməyə davam edir.

“Mən birlikdə fəaliyyət göstərməyin çox vacib olduğunu düşünürəm. Xristian, müsəlman, yəhudi - hər kəs eyni vaxtda eyni müalicəni ala bilər. Nə qədər çox əməkdaşlıq etsək, işimiz dünyaya gözəl bir mesaj olacaq”, - deyə Daliya İtzik əlavə edib.

Qlobal Əməkdaşlıq Forumunun prezidenti və CEO-su Amir Dossal Azərbaycanın səhiyyə sektorunda gördüyü işlər, süni intellekt sahəsindəki nailiyyətləri barədə məlumat aldığını, ölkəmizdə bu sahədə görülən tədbirlərin təqdirəlayiq olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan bu sahədə digər ölkələrə kömək edə bilər.

"Hazırda 700 milyon insan qidalanma çatışmazlığından əziyyət çəkir. Biz bunun qarşısının alınması məsələsini yetərincə müzakirə etmirik. Düşünürəm ki, səhiyyənin milli mülkiyyətə çevrilməsi ilə biz bu problemin qarşısının alınması imkanlarını daha da artırırıq", - deyə Amir Dossal diqqətə çatdırıb.

Hadassah Tibb Təşkilatının Baş direktoru Yoram Veiss bildirib ki, dünyada təkcə demoqrafik dəyişikliklər getmir, həmçinin elm də dəyişir. Elm həm də epidemiyanın baş verməsi, yeni bir pandemiya ehtimalı yaradır və hər kəs bunun fərqində olmalıdır.

"Bununla yanaşı, antimikroblardan istifadə çox problemlidir. Ona görə də bu məsələnin fərqində olmalıyıq", - deyə Y.Veiss vurğulayıb.

Sessiya müzakirələrlə davam edib.

14:34

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu üçüncü günündə işini panel iclaslarla davam etdirir.

Fhnews.az xəbər verir ki, UNESCO-nun Rasizmə Qarşı Şəhərlərin Koalisiyası təşkilatının rəhbəri Benedetto Zaçirolinin moderatorluğu ilə keçirilən sessiya “Qlobal səhiyyə böhranda: Hazırlılıq və bərabərlikdə yeni cəbhələr” mövzusuna həsr olunub.

Panel sessiyada BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima, Azərbaycanın səhiyyə naziri Teymur Musayev, Böyük Britaniyanın Lordlar Palatasının üzvü Suzan Qrinfild, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Seragəldin, İsrailin sabiq Prezidenti, Knessetin keçmiş sədri (2006-2009), Hadassah Tibb Təşkilatının İdarə Heyətinin sədri Daliya Itzik, Qlobal Əməkdaşlıq Forumunun prezidenti və CEO-su Amir Dossal, Moldovanın sabiq Baş naziri Çiril Qaburici, Hadassah Tibb Təşkilatının Baş direktoru Yoram Veissin çıxışları dinləniləcək.

Paylaş: