Plastik qablarda benzin satılması yanğın təhlükəlidir
Yol kənarlarında, yaxınlıqda yanacaqdoldurma məntəqəsi olmayan və rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə plastik qablarda benzin doldurub satılması halına tez-tez rast gəlmək olur. Bu benzinin alıcıları əsasən yola bələdçiliyi olmayan və elə ona görə də yola çıxarkən maşını kifayət qədər yanacaqla doldurmayan sürücülərdir. Danılmaz faktdır ki, yol kənarında satılan benzin saatlarla günəş şüalarının altında qalır. Həmin mayenin saatlarla günəş şüasının altında qalması, üstəlik, plastik qablarda olması onun keyfiyyətini və təhlükəsizliyini sual altında qoyur.
Benzinin daşınması üçün əsasən sərinləşdirici içkilər satılan plastik qablardan istifadə edilir. Bu qablar plastikin ən çox yayılmış növüdür. Fərqləndirici xüsusiyyəti ucuz olmasıdır və istehsalı xüsusi xərc tələb etmir. Temperatur təsirlərinə davamsızdır. Təkrar istifadə vaxtı butulka və ya qutu təhlükəli maddə – ftalat ifraz edir, zəhərlidir, əsəb və ürək-damar sisteminin ciddi xəstəliklərinə səbəb ola bilər. Eyni zamanda yanğın risklidir.
Statik cərəyan. İzafi statik cərəyanın yığılmasından benzin və ya dizel yanacağının alışmasına gətirib çıxaracaq qığılcım əmələ gəlir. Xüsusən də bu materiallardan hazırlanmış qabların müxtəlif parçalarla təması və sürtülməsi zamanı risk artır. Ədalət xətrinə söyləmək lazımdır ki, resublikamızda bu səbəbdən çox nadir sayda yanğın hadisəsi baş versə də, bu hal bizə real risklərdən xəbər verir.
İzafi təzyiq. Benzin və digər yanacaq növləri uçarlığı ilə səciyyələnir. Ona görə də, qızdırıldığı zaman buxarlanmaya başlayır və plastik qabın divarlarında gərginliyin yaradılmasına səbəb olur. Yanacaqdoldurma məntəqələrində avtomobil sahibləri tərəfindən yanacağın doldurulması üçün istifadə etmək istədikləri plastik həcmlərin böyük hissəsinin bu məqsədlər üçün nəzərdə tutulmadığını nəzərə alsaq, yanacağın qabdan axması mümkünlüyü hədsiz çoxdur.
Yanacağın kimyəvi aqressivliyi. Danılmaz faktdır ki, neft məhsulları bu məqsədlər üçün xüsusiləşdirilməmiş plastik məmulatların strukturunu asan dağıdır.
Qeyd olunanları nəzərə alaraq, əgər yanacağın alışmasına kiçik bir risk vardırsa, yaxşı olardı ki, xüsusi benzin və ya digər yanacaqlar üçün hazırlanmış və bu barədə müvafiq sənədlərlə təsdiqlənmiş kanistrlərdən istifadə edilsin.
Yuxarıda qeyd etdiyimiz kimi, bu plastik qablarda satılan benzin daha çox yanacaqdoldurma məntəqələrinin olmadığı yerlərdə satılır. Təbii ki, həmin ərazidən keçən sürücünün yanacağa ehtiyacı olduğundan o, çarəsizlikdən plastik qabda satılan benzini alıb avtomobilinə tökür.
Benzin mütəmadi olaraq təmizlənən xüsusi çənlərdə saxlanılmalıdır. Onun saxlanılma şəraitinə və satışına xüsusi nəzarət həyata keçirilməlidir: Plastik qablara benzin doldurub satılması olduqca təhlükəli tendensiyadır. Nəzərə almaq lazımdır ki, plastik qabın özü başdan-ayağa təhlükəli, zəhərli, tez alışmağa qadir, partlayışa meylli kimyəvi maddələrlə doludur. Bu mənada plastik qablara benzin doldurub satmaq təhlükəli olmaqla yanaşı, həm də qanunsuzdur. Hər bir ərazidə yanacaqdoldurma məntəqələri olduğundan, benzinin plastik qablarda satılması, ümumiyyətlə, yolverilməzdir.
Plastik qablarda satılan benzindən istifadə edilməsi həm də avtomobil hissələrinin tez sıradan çıxmasına gətirib çıxarır. Plastik butulkalar ətraf mühitin çirkləndirilməsində mənfi rol oynayır. Buna baxmayaraq bölgələrimizdə benzinin plastik qablara tökülərək satılması hallarına hələ də rast gəlinir. Benzin isə kifayət qədər kimyəvi aktivli maddədir. Bu, özünü xüsusən də isti yay aylarında göstərir. Plastik qabların tərkibindəki kimyəvi maddələr benzinə də keçir. Nəticədə həmin benzindən istifadə edən avtomobillərin yanacaq sistemində, mühərrikində problem yarana bilir. Xüsusilə də isti havalarda həmin qablardakı benzinin keyfiyyəti aşağı düşdüyündən, ondan istifadə edildikdə avtomobilin bəzi detallarının sıradan çıxması da labüddür. Ona görə də sürücülər heç bir halda plastik qablarda satılan benzini almamalı, maşınına saxlanılma şəraitinə və keyfiyyətinə nəzarət edilən benzin doldurmamalıdırlar.
Bəzi sürücülər isə avtomobilin yük yerində, yaxud salonda plastik qablarda ehtiyat yanacaq saxlayırlar. Onlar bunu ehtiyat tədbir kimi yolda yanacaq bitərsə istifadə etmək üçün edirlər. Xüsusilə taksi sürücüləri bu üsula əl atırlar. Yaxşı olardı ki, bu zaman asan alışan mayelərin daşınması üçün nəzərdə tutulan dəmir qablardan istifadə olunsun. Çünki plastik qabda yanacağı uzun müddət avtomobilin yük yerində, yaxud salonunda saxlamaq çox təhlükəli və yolverilməzdir. Yanacaq dağıla bilər, yaxud da plastik qabla yanacağın reaksiyası nəticəsində qab deformasiyaya uğrayaraq mayenin buxarlanması və ya dağılmasına, ani ehtiyatsızlıqdan isə yanğına səbəb ola bilər.
Qeyd edək ki, kənd yerlərində traktor, kombayn, otbiçən, presbağlayan kimi kənd təsərrüfatı texnikasının sahiblərinə bu texnikaları xeyli məsafə və yanacaq sərf edərək yanacaqdoldurma məntəqəsinə sürüb aparmaq iqtisadi cəhətdən sərf etmir. Ona görə də onlar yanacağı plastik qablarda alıb gətirir və kənd təsərrüfatı texnikasını bu formada yanacaqla təchiz edirlər. Halbuki bunun üçün standartlara uyğun olan, benzin yanacağının daşınması üçün nəzərdə tutulan dəmir qablardan istifadə olunmalıdır.
Sürücülər unutmamalıdırlar ki, plastik qabda yanacaq daşımaq yanğın təhlükəlidir və onların idarə etdiyi avtomobil hər an yana bilər. Bu zaman digər yol hərəkəti iştirakçıları da bundan ziyan çəkər, insan sağlamlığına ziyan dəyər. Odur ki, sürücülər də, yanacaqdoldurma məntəqələrinin işçiləri də yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl edərək plastik qabda yanacaq satılmasına və daşınması hallarına yol verməməlidirlər.
Rövşən Bəkirov
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına
qarşı təbliğat şöbəsinin böyük təlimatçısı
Yanğınsöndürənlərin peşə fəaliyyətində...
Anbar və bazalar üçün yanğın...
Payız-qış mövsümündə yanğın...
Fövqəladə hal nədir?...
Müasir dövrün aktual problemlərindən...