23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Zoonoz xəstəliklər də "Vahid Sağlamlıq" yanaşmasının mərkəzində dayanır

19-11-2024

Zoonoz xəstəliklər də "Vahid Sağlamlıq" yanaşmasının mərkəzində dayanır.

Fhnews.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda yüksəksəviyyəli dəyirmi masada deyib: “Araşdırmalar göstərir ki, insanlarda yaranan yoluxucu xəstəliklərin 60 faizdən çoxu heyvan mənşəlidir və onların böyük hissəsi vəhşi təbiətdən qaynaqlanır. Epidemioloji tədqiqatlar son iki yüz il ərzində baş vermiş pandemiyaların səbəbinin zoonoz infeksiyalar olduğunu təsdiqləyib. Bu xəstəliklərin yayılması uzunmüddətli təsirlərə malik qlobal pandemiyalara səbəb olmaqla, sosial, iqtisadi və səhiyyə sahələrinə ciddi zərər vura bilər. Bu baxımdan "Vahid Sağlamlıq" konsepsiyasının əsas prinsiplərinin təmin edilməsi üçün qida təhlükəsizliyi və digər aidiyyəti sahələr arasında sıx əməkdaşlıq, innovativ elmi yanaşmaların tətbiqi və beynəlxalq təcrübənin mənimsənilməsi olduqca vacibdir. Ölkəmizdə bu istiqamətdə son illərdə aparılan islahatlar öz bəhrəsini verməkdədir və əldə edilən təcrübəni digər dövlətlərlə bölüşməyə hazır olduğumuzu bildiririk”.

Qoşqar Təhməzli deyib ki, beynəlxalq təcrübəyə uyğun olaraq respublikamızda zoonoz epidemiyaların vaxtında aşkarlanması və çevik cavab tədbirlərinin görülməsi üçün aidiyyəti qurumların birgə fəaliyyəti daim diqqət mərkəzində saxlanılır: “Bu çərçivədə növbəti 5 il ərzində zoonoz xəstəliklərdən irəli gələn problemlərin həll ilə bağlı Milli Strategiya layihəsi hazırlanaraq təqdim olunacaq. Mütərəqqi epidemioloji iş üçün istifadə ediləcək informasiya sisteminin qurulması, “Cəmiyyət-heyvanat aləmi - ətraf mühit” kontekstində vahid yanaşmanın tətbiq edilməsi, antimikrob rezistentliyi problemlərinin həlli, böhran vəziyyətlərinin idarə olunması və digər zəruri amillər Strategiyanın tərtib edilməsini aktuallaşdırıb. Strategiyanın icrası ilə zoonoz xəstəliklərin erkən aşkarlanması üçün çevik həll yollarına, davamlı müşahidə sisteminin və məlumat mübadiləsi üçün vahid platformanın tətbiqinə, həmçinin ölkə əhalisinin vaxtaşırı maarifləndirilməsi kimi məqsədlərə nail olunacaq”.

Paylaş: