21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Bahar Muradova: İqlim dəyişikliyi uşaqlara, ailələrə və icmalara birbaşa təsir göstərir

18-11-2024
IMG

İqlim dəyişikliyinin təhsil və səhiyyə sahələrinə təsiri vasitəsilə yaranan pozuntular dünyada uşaqlara, ailələrə və icmalara birbaşa təsir göstərir.

Fhnews.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova COP29 çərçivəsinə keçirilən “Uşaqlar və gənclərin iqlim fəallığı” mövzusunda yüksəksəviyyəli dəyirmi masada çıxışında deyib.

COP29-da aparılan müzakirələrin birgə həll yolları tapmaq üçün nadir fürsət olduğunu vurğulayan B.Muradova rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışaraq bildirib: “Fəaliyyətimiz uşaqların, ailələrin hüquqlarının və rifahının qorunmasına yönəlib. Lakin iqlim dəyişikliyi bu vəzifəyə tamamilə yeni ölçü əlavə edir. Onun təsirləri təkcə ekoloji deyil, eləcə sosial xarakter daşıyır. İqlim dəyişikliyinin təhsil və səhiyyə sahələrinə təsiri vasitəsilə yaranan pozuntular dünyada uşaqlara, ailələrə və icmalara birbaşa təsir göstərir. Beləliklə, ətraf mühit təsirlərindən hərtərəfli qorunma təkcə gələcəyə sərmayə deyil, həm də Paris Sazişinin və Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinə xidmət edir. İnsan inkişafı işimizin mərkəzində durur və bu diqqət əhəmiyyəti iqlim dəyişikliyi qarşısında yalnız artır”.

Dövlət Komitəsinin sədri qeyd edib ki, iqlim təsirləri səhiyyədən və təhsildən iqtisadi sabitliyə qədər insan inkişafının hər sahəsinə toxunur, bu da uşaqların hərtərəfli dəstəklənməsini zəruri edir. “Biz işimizdə bu çətinlikləri yaxından görür və iqlim kontekstində uşaqların dəstəklənməsində hamımızın məsuliyyətini anlayırıq. İqlim davamlılığının qurulmasına yanaşmamız uşaqların hər yerdə inkişafı üçün lazımi bilik və dəstəyə malik olmasını təmin etmək məqsədilə regionlar, icmalar və yaş qrupları arasında əlaqə yaratmağı əhatə edir. Savadlı və səlahiyyətli nəsil yetişdirmək vacibdir. Buna nail olmaq üçün səmərəli və davamlı mexanizmlər qurulmalıdır. İqlim dəyişikliyi həssas icmalar üçün əhəmiyyətli iqtisadi və sosial çətinliklər yaradır. Bunu həll etmək üçün iqlim hadisələrindən zərər çəkənlərə maliyyə dəstəyi də daxil olmaqla sosial müdafiə və təhlükəsizlik şəbəkələri gücləndirilməlidir. Bundan əlavə, ekstremal sağlamlıq, infeksiyalar, hava çirklənməsi, qidalanma və ərzaq təhlükəsizliyi üçün erkən xəbərdarlıq sistemlərinin yaradılmasını əhəmiyyətli hesab edirik. Uşaqların təmiz içməli suya kifayət qədər çıxışının təmin edilməsi, yaşıl məkanların və parkların yaradılması, xilasetmə planlarının əvvəlcədən hazırlanması son dərəcə vacibdir”, - deyə B.Muradova vurğulayıb.

Paylaş: