21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

COP29 çərçivəsində Milli Uyğunlaşma Planlarına həsr olunmuş konfrans keçirilib

19-11-2024

COP29 çərçivəsində “COP29-da Uyğunlaşma Fəaliyyətinin Sürətləndirilməsi: Milli Uyğunlaşma Planlarının (MUP) formalaşdırılması və həyata keçirilməsinin sürətləndirilməsi” mövzusunda konfrans keçirilib.

Fhnews.az xəbər verir ki, Milli Uyğunlaşma Planı Qlobal Şəbəkəsi Katibliyinin rəhbəri Orvil Qreyin moderatorluğu ilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən COP29-un baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, iqlim dəyişiklikləri artıq baş verir və onun təsirləri dəniz səviyyəsinin qalxması, fövqəladə hava hadisələri, quraqlıq və daşqınlarla hiss olunur. Onun sözlərinə görə, dünya ölkələri hərəkət etməli və qlobal miqyasda uyğunlaşma səylərini təcili sürətləndirməlidir. “Azərbaycan bu ayın əvvəlində özünün Milli Uyğunlaşma Planını təqdim edib. Biz ölkələri 2025-ci ilə qədər öz MUP-larını təqdim etməyə çağırırıq. “Bu, bizə 2030-cu ilə kimi onların həyata keçirilməsində irəliləyişə nail olmağa imkan verəcək. Bu planlar ən yaxşı təcrübəni necə paylaşdığımıza, texnologiyanın ötürülməsinə və bir-birimizin ambisiyalarına necə dəstək olacağımıza yol göstərəcək”, - deyə nazir müavini qeyd edib.

Daha sonra çıxış edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının nümayəndəsi Daniel Violetti bildirib ki, iqlim ildən-ilə daha şiddətli, gözlənilməz və ölümcül olur. O bildirib ki, təkcə bu il fəlakətlər ABŞ-a 95 milyard dollardan çox ziyan vurub. Nümayəndənin sözlərinə görə, dünya buna uyğunlaşmalıdır və uyğunlaşma ilə maliyyə arasında uçurum artır. “İnkişaf etməkdə olan ölkələrdə xərclər 2030-cu ilə qədər ildə üç dəfə, yəni ildə 40 milyard artacaq. Bu rəqəmlərin artacağına dair real risk var və indi hərəkətə keçmək lazımdır”, - deyə Daniel Violetti əlavə edib.

ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə elçisinin müavini Sue Biniaz isə deyib ki, 2010-cu ildə Kankun Çərçivəsindən başlayan Milli Uyğunlaşma Planı qlobal uyğunlaşma səylərinin təməl daşına çevrilib. O bildirib ki, Paris Sazişinin yeddinci maddəsində də bu aydın şəkildə qeyd olunur. “MUP-lara uyğunlaşmanın planlaşdırılması və həyata keçirilməsi üçün əsas vasitə kimi baxılır. Yaşıl İqlim Fondu bütün inkişaf etməkdə olan ölkələrə MUP-ləri formalaşdırmaqda dəstək olmaq üçün xüsusi maliyyələşdirmə pəncərəsi yaradıb”, - deyə o bildirib.

Daha sonra İtaliya Xarici İşlər Nazirliyinin iqlim dəyişikliyi üzrə xüsusi elçisi Françesko Karvaro, Tonqanın Kənd Təsərrüfatı, Qida və Meşə təsərrüfatı üzrə baş direktoru Viliami Manu, Liberiyanın Ətraf Mühitin Mühafizəsi Agentliyinin icraçı direktoru Emanuel Kinq Urey Yarkpavolo ölkələrinin MUP-ları təqdim etmələri istiqamətində gördüyü işlərdən danışıblar.

Paylaş: