21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Nazir müavini: Hər il dünyada milyonlarla ton plastik tullantı yaranır və onların böyük hissəsi təbiətə atılır

21-11-2024
IMG

Plastik tullantılar qlobal miqyasda ətraf mühitə və insan sağlamlığına ciddi təsir göstərən ən böyük problemlərdən biridir. Hər il dünya üzrə milyonlarla ton plastik tullantı yaranır və onların böyük bir hissəsi düzgün idarə olunmadığı üçün təbiətə atılır. Bu, ekosistemlərin pozulmasına, dəniz və qurudakı canlıların məhv olmasına, həmçinin insan sağlamlığı üçün risklərin artmasına səbəb olur. Plastik istehsalı və tullantıların yandırılması prosesi atmosferə böyük miqdarda istixana qazlarının buraxılmasına gətirib çıxarır. Bu da qlobal istiləşməni sürətləndirir və iqlim dəyişikliyinin mənfi təsirlərini artırır.

Fhnews.az xəbər verir ki, bu fikirləri COP29 çərçivəsində noyabrın 21-də “İqlim dayanıqlılığı üçün plastik tullantıların effektiv idarə edilməsi: çağırışları anlamaq və imkanları kəşf etmək” mövzusunda keçirilən tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev söyləyib.

O vurğulayıb ki, son dövrlərdə ölkəmizdə bərk məişət tullantılarının idarə olunması istiqamətində mühüm addımlar atılıb. Dövlət proqramları qəbul edilib, qanunvericilik bazası təkmilləşdirilib və müasir infrastruktur yaradılıb: “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019-2020-ci illər üçün Tədbirlər Planı” uğurla icra edilib. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik tullantıların idarə olunması sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu sahədə müasir təcrübələrin ölkəmizdə tətbiqi ilə bağlı fəaliyyətlər mütəmadi icra olunub”.

“Plastik tullantıların effektiv idarə edilməsi prosesində dövlət qurumları ilə yanaşı, özəl sektor, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti də mühüm rol oynayır. Şirkətlərin korporativ sosial məsuliyyət çərçivəsində ekoloji layihələrə dəstək verməsi, istehsal proseslərində ekoloji təmiz texnologiyaların tətbiqi və tullantıların azaldılması istiqamətində addımlar atması vacibdir. Müasir dövrdə texnologiyanın sürətli inkişafı plastik tullantıların idarə olunmasında yeni imkanlar yaradır. Bu sahədə elmi tədqiqatların aparılması yeni texnologiyaların və innovativ həllərin inkişaf etdirilməsi üçün əvəzsiz rol oynayır. Əhali arasında ekoloji şüurun artırılması və plastik tullantıların azaldılması üçün maarifləndirmə və təhsil proqramları çox vacibdir. Məktəb və universitetlərdə gənc nəslin ekoloji təhsil alması gələcəkdə ekoloji problemlərə daha həssas yanaşan cəmiyyətin formalaşmasına kömək edir. Plastik tullantıların effektiv idarə edilməsi və iqlim dayanıqlığının təmin edilməsi üçün birgə səylərimiz zəruridir. COP29 tədbirindən sonrakı dövrdə əldə edəcəyimiz nəticələr iqlim dayanıqlılığı, o cümlədən tullantıların idarə olunması sahəsində mühüm irəliləyişlərə səbəb olacaq”, - deyə Rauf Hacıyev əlavə edib.

Paylaş: