Keniyanın Dövlət Prokurorluğunun direktoru: COP29-un dünya üçün böyük töhfələr verə biləcəyinə əminəm
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Kamran Əliyev Qoşulmama Hərəkatı təşkilatı çərçivəsində Keniya ilə əməkdaşlığın yüksək səviyyəyə çatdığını və iki ölkə arasında ortaq prinsiplərə və əməkdaşlığa əsaslanan güclü siyasi əlaqələrin yüksələn xətlə inkişaf etməkdə olduğunu bildirib.
O, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən bəhs edərək bunun beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsi olduğuna diqqət çəkib.
COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyasının uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.
Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru Renson Mulele təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini və iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.
O, ölkəmizdə keçirilən COP29-un dünya üçün böyük töhfələr verə biləcəyindən əminliyini vurğulayaraq tədbir çərçivəsində təşkil olunan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyanın uğurla başa çatması münasibətilə Baş prokuror Kamran Əliyevə xoş arzularını çatdırıb.
Baş prokuror Kamran Əliyev COP29 çərçivəsində təşkil olunan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiya zamanı Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru Renson Mulele İnqonqanın təsirli çıxışını vurğulayıb.
Görüşdə Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev də iştirak edib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
ANAMA-da İraqın Kürdüstan Regional...
Su iqlim fəaliyyətinin çox mühüm hissəsi...
AQTA sədri çörək istehsalı, dəyirman və...
“Uşaq və gənclərin NDC 3.0 prosesinə...
Aleksandr Sayer: COP29-dakı işimizi...