“Sülh və firavanlıq üçün ekoloji körpü” adlı forum təşkil edilib
ADA Universitetində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xəzər Həftəsi çərçivəsində “Sülh və firavanlıq üçün ekoloji körpü” adlı forum keçirilib.
Dövlət Komitəsindən verilən məlumata görə, forum çərçivəsində müxtəlif mövzulara həsr olunmuş panel müzakirələr aparılıb.
Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, tədbirin keçirilməsində məqsəd ətraf mühitlə bağlı əməkdaşlığın sülhü və rifahı təşviq etməsi yollarını müzakirə etmək olub.
Əvvəlcə Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayzanın moderatorluğu ilə “Qarabağın yenidən qurulmasına təkan verən dinc gələcəyin qurulması: Yaşıl enerji həllərinin tətbiqi, dayanıqlı iş yerlərinin yaradılması və ağıllı kəndlərin qurulması” panel müzakirəsi keçirilib.
Sessiyada çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov diqqətə çatdırıb ki, ölkəmizin ev sahibliyi etdiyi COP29 konfransı çərçivəsində təşkil edilən bu forumda müzakirə edilən məsələlər Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin iki bəndi - işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi ilə uzlaşır. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma, ağıllı kəndlərin və yaşıl zonaların qurulması məsələləri haqqında da iştirakçılara məlumat verilib.
Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov diqqətə çatdırıb ki, COP29 konfransının Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu, Azərbaycana göstərilən etimadın nəticəsidir. Ölkəmiz enerji keçidində ən böyük indeksi yaradıb. Buna Azərbaycanda tətbiq olunan yeni texnologiyalar vasitəsilə nail olmuşuq.
Hazırda Azərbaycanın COP29-un təşkili ilə Azərbaycan və Ermənistan arasında sülh prosesinin möhkəmlənməsinə dəstək verdiyini deyən Metyu Brayza məhz əməkdaşlığın belə bir şəraitində konfransı iqlim dəyişikliyi göstəricilərinin araşdırılması, ətraf mühitin qorunması, ölkələrdə sülhün tənzimlənməsinə kömək göstərilməsi üçün təşkil etmək istədiklərini vurğulayıb, işğaldan azad edilmiş ərazilərdə lazımi infrastruktur yaradılmasının çox çətin məsələ olduğunu və Azərbaycan hökumətinin böyük işlər gördüyünü diqqətə çatdırıb.
Forumda geniş təcrübəyə malik yerli və xarici ekspertlər çıxış ediblər. Hökumətin məcburi köçkünlərin öz evlərinə qayıtmasına hərtərəfli kömək göstərdiyi, onların həyatını rahatlaşdırmaq üçün mühüm tədbir gördüyü bildirilib, kənd təsərrüfatının qorunması ilə bağlı problemlərə və həll yollarına toxunulub.
AQTA sədri çörək istehsalı, dəyirman və...
“Uşaq və gənclərin NDC 3.0 prosesinə...
Aleksandr Sayer: COP29-dakı işimizi...
Çin şirkəti ilə bərpaolunan enerji...
Leyla Əliyeva COP29 çərçivəsində nadir...