21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Çin şirkətləri ilə bərpaolunan enerji texnologiyalarının istehsalı və tədarükü ilə bağlı müqavilələr imzalanıb

18-11-2024
IMG

COP29 çərçivəsində Energetika Nazirliyi ilə Çinin “PowerChina Resources Limited” və “TBEA Co., Ltd” şirkətləri arasında yaşıl enerji sahəsində anlaşma memorandumları imzalanıb.

Fhnews.az Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, imzalanma mərasimlərindən əvvəl energetika naziri Pərviz Şahbazovla “PowerChina Group”un vitse-prezidenti Xu Pengcheng və “PowerChina Resources Limited” şirkətinin prezidenti Yang Tianfu, həmçinin TBEA şirkətinin İdarə Heyətinin üzvü, beynəlxalq biznes məsələləri üzrə prezidenti Hu Nanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüşlər olub.

Görüşlərdə Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətlərində bərpaolunan enerji sahəsində əməkdaşlığın mühüm yer tutduğu qeyd olunub. Həyata keçirilən yaşıl enerjinin istehsalı və ixracı ilə bağlı meqa layihələr kontekstində Çin şirkətləri ilə əməkdaşlıq imkanları dəyərləndirilib.

“PowerChina Resources Limited” şirkətinin xaricdə bərpaolunan enerji sahəsində sərmayə qoyuluşu həyata keçirən, geniş potensial və təcrübəyə malik bir şirkət olaraq, Azərbaycanda bərpaolunan enerji layihələrinə sərmayə qoyuluşu, bərpaolunan enerji layihələrinin planlaşdırılması, layihələndirilməsi, tikintisi və istismarında əməkdaşlığa maraqlı olduğu qeyd edilib. Elektrik enerjisinin ötürülməsi və paylanması, elektrik stansiyaları, bərpaolunan enerji və digər vacib infrastruktur layihələrinin istehsalı, mühəndisliyi, tədarükü, tikintisi və maliyyələşdirilməsi üzrə ixtisaslaşmış şirkət olan TBEA-nın isə Azərbaycanla bərpaolunan enerji avadanlıqları və texnologiyaları sahəsində əməkdaşlıq niyyəti ifadə olunub.

Sonra sənədlərin imzalanması mərasimi olub. “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə PowerChina Resources Limited arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişaf etdirilməsi üzrə Anlaşma Memorandumu” sənaye miqyaslı günəş PV layihələri, quruda/dənizdə külək elektrik stansiyaları, hidro akkumulyasiya sistemi (PHS) və akumulyator enerji saxlama sistemləri (BESS), inteqrasiya olunmuş ağıllı enerji və yaşıl hidrogen istehsalı layihələri, yerli mütəxəssislərin hazırlanması, texnoloji biliklərin mübadiləsi üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, PHS və BESS infrastrukturunun inkişafı, maliyyələşdirilməsi, tikintisi və texniki xidməti sahələrinə xüsusi diqqət yetiriləcək.

“Azərbaycan Respublikası Energetika Nazirliyi ilə TBEA Co., Ltd arasında Anlaşma Memorandumu” isə bərpaolunan enerji avadanlıqları və texnologiyalarının istehsalı və tədarükü daxil olmaqla, müvafiq sahələrdə əməkdaşlığı əhatə edir. Sənədə əsasən, şirkətlə ultra-yüksək gərginlikli və çevik DC və AC məhsullarının təmin edilməsi, Azərbaycanda sənaye parkları və azad iqtisadi zonalarda yüksək texnologiyalı enerji şəbəkəsi avadanlıqlarının istehsalı, Məlumat Mərkəzinin yaradılması, bərpaolunan enerji və elektrik layihələrinə sərmayə qoyuluşu və maliyyələşdirilməsi, eləcə də bərpaolunan enerji və regional yaşıl enerji bağlantısı layihələrində iştirakı üzrə əməkdaşlıq ediləcək.

Paylaş: