İnsan kapitalına yönəldilən sərmayə hər bir ölkə üçün cəmiyyətin inkişafına yatırılan investisiyadır
Noyabrın 18-də COP29 çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə mətbuat konfransı keçirilib.
Fhnews.az xəbər verir ki, mətbuat konfransında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri son illər ölkədə peşə hazırlığı şəbəkəsinin müasir tələblərə uyğun qurularaq genişləndirilməsinin davamlı xarakter aldığını və işçi qüvvəsinin bacarıqlarının əmək bazarında baş verən dəyişikliklərə uyğun şəkildə inkişaf etdirilməsinin əsas fəaliyyət istiqamətləri sırasında olduğunu bildirib.
Nazirin sözlərinə görə, təcrübə göstərir ki, insan kapitalına yönəldilən sərmayə hər bir ölkə üçün cəmiyyətin mövcud və gələcək inkişafına yatırılan investisiya deməkdir.
Yaşıl iqtisadiyyata keçidin uğurla həyata keçirilməsi üçün insan kapitalının inkişafına yönəlmiş kreativ yanaşmaların vacibliyini diqqətə çatdıran nazir, bu keçid prosesinin sosial və əmək hüquqlarının qorunması baxımından ədalətli və inklüziv bir mühitdə həyata keçirilməli olduğunu bildirib.
O, dövlətimizin başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan uğurlu islahatları qeyd edib.
S.Babayev bildirib ki, həmin sənəddə strateji dövrdə yeni artım modelinin özəl təşəbbüslərə, keyfiyyətli və sağlam insan kapitalına söykənməsi, rəqabətli insan kapitalı və mövcud insan resurslarının yenidən kvalifikasiyası üçün ömür boyu təhsil imkanlarının yaradılması əsas istiqamət kimi vurğulanır.
Nazir son illər ölkədə peşə hazırlığı şəbəkəsinin müasir tələblərə uyğun qurularaq genişləndirilməsinin davamlı xarakter aldığını bildirib. Diqqətə çatdırıb ki, yaşıl iqtisadiyyata keçid yaşıl texnologiyaların tətbiqi nəticəsində yeni iş mühitini də formalaşdırır və bir çox işlərin xarakterini dəyişdirir. İnsan resurslarının, işçi qüvvəsinin bacarıqlarının əmək bazarında baş verən bu dəyişikliklərə uyğun şəkildə inkişaf etdirilməsi əsas fəaliyyət istiqamətləri sırasındadır və bu istiqamətdə mühüm işlər aparılır.
Son 6 il ərzində 4 sosial islahat paketinin həyata keçirildiyini, bu dövrdə sosial ödənişlərdəki ciddi artımları qeyd edən S.Babayev, növbəti illərdə də sosial ödənişlərin artırılmasının prioritet məsələlərdən biri olaraq qalacağını bildirib.
Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanın iqlim dəyişmələrinin kurikulumun bir hissəsi olması istiqamətində öz səylərini davam etdirdiyini deyib: “İstərdik ki, bu məsələlər qlobal gündəliyə çevrilsin. İlk dəfə olaraq, PISA layihəsində ətraf mühit savadlılığının qiymətləndirilməsi sahəsini inkişaf etdirmək məqsədilə yeni qiymətləndirmə alətinin hazırlanması təşəbbüsü ilə çıxış etdik. Bizim təklifimiz layihəyə əsas sahələrə əlavə olaraq, ətraf mühit savadlılığını da ayrıca qiymətləndirmə aləti kimi daxil etməkdir. Ümid edirəm ki, həmin təşəbbüsə müxtəlif ölkələr qoşulacaq".
İqlim böhranının səhiyyə böhranı olduğunu deyən səhiyyə naziri Teymur Musayevin sözlərinə görə, bütün bu bəyanatları və fəaliyyəti nəzərə alsaq, iqlim dəyişikliyinə pozitiv təsir etmək mümkündür. Qeyd olunub ki, tibbi personalın iqlim məsələləri üzrə maarifləndirilməsi, rəqəmsal texnologiyaların bu sahəyə cəlb olunması və səhiyyədə iqtisadi reformalar bu prosesdə mühüm rol oynayır.
T.Musayev qeyd edib ki, bu il Azərbaycan Tibb Universitetində ətraf mühit üzrə kurikuluma daxil olmuş seminarlar keçirilir. Onun sözlərinə görə, səhiyyə işçilərini iqlim dəyişmələrinin təsirləri ilə mübarizə barədə məlumatlandırmaq üçün zaman elə də çox deyil.
COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai insanların iqlim böhranının həllinə töhfə verə bilməsini təmin etmək üçün təhsil, bacarıqlar, sağlamlıq və rifahın çox vacib olduğunu vurğulayıb.
“Bugünkü tədbirin nəticələri beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını və digərlərini bir araya gətirəcək. Bu insanları, təşkilatları bir araya gətirməklə, biz iqlim, insan inkişafı üzrə agentliklər arasında əməkdaşlıq və uyğunluq yaratmağı hədəfləyirik. Sağlamlıq mövzusunda, biz rəsmi olaraq iqlim və sağlamlıq üçün COP Prezidentlik Koalisiyasını işə salırıq. Bu koalisiya sağlamlığı iqlim gündəminə daxil etməyə çalışacaq”, - deyə Nigar Arpadarai əlavə edib.
COP29-da Aİ və 25 ölkə kömür elektrik...
Şeyxülislam BMT-nin Sivilizasiyalar...
Laçın rayonunda zəlzələ olub...
HACCP sisteminin tətbiqi qida...
Bazar günü hava əsasən yağmursuz olacaq...