24 noyabr 2024, bazar Bakı, 14°C
IMG-LOGO

Səhiyyə naziri: İqlim dəyişikliyi ilə bağlı təbii fəlakətlər xəstəliklərin yayılmasına səbəb olur

21-11-2024
IMG

İnsan immun çatışmazlığı virusu qlobal ictimai sağlamlıq üçün əsas problemlərdən biri olaraq qalır. Hər il bir milyondan çox insan HİV-ə yoluxur və 600 mindən çox insan HİV ilə əlaqəli xəstəliklər səbəbindən həyatını itirir. Bu xəstəliyin ən böyük yükü əsasən Afrika regionunda olan aşağı və orta gəlirli ölkələrin üzərinə düşür.

Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayev QİÇS və iqlim dəyişikliyi üzrə çərçivə sənədinin təqdimatı mərasimində deyib.

O qeyd edib ki, müasir sürətli diaqnostika alətləri və yüksək effektiv antiretrovirus terapiya kimi irəliləyişlərə baxmayaraq, Dayanıqlı İnkişaf Məqsədinə (DİM) nail olmaq - 2030-cu ilə qədər HİV epidemiyasına son qoymaq - çətin bir problem olaraq qalır. O, Azərbaycanın İİV-lə mübarizədə əldə etdiyi bəzi irəliləyişlərlə bağlı məlumat verib, bu sahədə diaqnoz, müalicə və profilaktika ilə bağlı görülən işlərdən danışıb.

Nazir Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı və Qlobal Fond kimi beynəlxalq təşkilatlarla da sıx tərəfdaşlığından söz açıb. Bildirib ki, COP29 konfransında vurğulandığı kimi, iqlim dəyişikliyinin təsirləri qeyri-mütənasib şəkildə paylanır.

“İqlim dəyişikliyi ilə bağlı təbii fəlakətlər xəstəliklərin yayılmasına, ərzaq təhlükəsizliyinə və səhiyyə infrastrukturunun zədələnməsinə səbəb olur. Səhiyyə xidmətinin pozulması HİV-in müalicəsi, qarşısının alınması və psixi sağlamlıq xidmətlərinə çıxışı daha da azaldır və nəticədə həssas qruplar arasında xəstələnmə və ölüm hallarının artması qeydə alınır. Bu mürəkkəb təsirlər HİV nisbətlərinin artmasına kömək edir. Bu gün dünya Bakıda, COP29-da birləşib. İqlim dəyişikliyinin sağlamlığa təsirinin ən kritik mövzu olduğundan tez bir zamanda bu istiqamətdə əməli fəaliyyət göstərmək vacibdir. Nə qədər tez hərəkət etsək, bir o qədər tez uğur qazanacağıq. İqlimə davamlı səhiyyə sistemlərinin yaradılması və səhiyyə işçi qüvvəsinin hazırlanması İİV epidemiyasına son qoyulması da daxil olmaqla DİM hədəflərinə nail olmaq üçün həyati əhəmiyyət kəsb edir”, - deyə nazir qeyd edib.

Paylaş: