21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Vüqar Kərimov: Bioloji müxtəlifliyin qorunması iqlim dəyişikliyinin təsirlərini azalda bilər

21-11-2024
IMG

Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qarşıya yeni strateji mərhələdə qlobal iqlim dəyişikliklərinə cavab verən yüksəkkeyfiyyətli təmiz ekoloji mühitin təmin olunması kimi mühüm vəzifə qoyulub. Əsas məqsəd adaptasiya və mitiqasiya tədbirlərinin həyata keçirilməsi ilə iqlim dəyişmələrinin ətraf mühitə mənfi təsirlərinin azaldılmasından ibarətdir. Ölkəmizdə ətraf mühitin mühafizəsini və təbii ehtiyatların səmərəli istifadəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin keyfiyyətcə yeni mərhələdə davam etdirilməsi prioritet istiqamətlərdən olmaqla, bioloji müxtəlifliyin qorunması əsas hədəflərdəndir.

Fhnews.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29 çərçivəsində Mavi Zonada keçirilən “İqlim və biomüxtəliflik arasındakı əlaqə: davamlı gələcək üçün inteqrasiya olunmuş həllər” adlı tədbirdə deyib.

Nazir müavini qeyd edib ki, iqlim dəyişmələri və onların canlı aləmə təsiri dünya ictimaiyyətini getdikcə daha çox narahat etməkdədir: “İqlim dəyişmələri təbii ekosistemlərə mənfi təsir göstərir ki, bu da bitki və heyvan növlərini məhv olmaq təhlükəsi ilə üzbəüz qoya bilər. Bioloji müxtəlifliyin indiki və gələcək nəsillər üçün çox böyük dəyərə malik qlobal sərvət olduğu artıq hamılıqla qəbul edilir. Növlər və ekosistemlər üçün təhlükə heç vaxt indiki qədər böyük olmayıb. Ölkəmizdə son 30 ildə (1991-2020-ci illər) orta illik havanın temperaturu əvvəlki dövrlə (1961-1990-cı illər) müqayisədə orta hesabla 0,9 dərəcə yüksəlib. Ərazinin əksər hissəsində yağıntının miqdarı orta hesabla 4% azalıb”.

O bildirib ki, iqlim dəyişikliyi və bioloji müxtəlifliyin itirilməsi bir-biri ilə bağlı proseslərdir və birlikdə həll edilməlidir: “Bioloji müxtəliflik və iqlim dəyişikliyi arasında qarşılıqlı əlaqələr var. İqlim dəyişikliyi biomüxtəlifliyə mənfi təsir edə bilər, eləcə də bioloji müxtəlifliyin qorunması, ekosistemlərin effektiv mühafizəsi və idarə edilməsi sahəsində həyata keçirilmiş tədbirlər vasitəsilə iqlim dəyişikliyinin təsirləri azaldıla bilər”.

Paylaş: