Misir nümayəndəsi: Sağlamlıq sistemlərinin yaxşılaşdırılması dövlətlərin gələcəyə birbaşa investisiyasıdır
İnsan inkişafına yatırımlar iqlimə uyğunlaşma baxımından gələcək üçün vacibdir. Əhali sağlamlığı ilə inkişaf hədəfləri bir-birindən ayrı deyil, əksinə, insan inkişafının təməlidir.
Fhnews.az xəbər verir ki, bunu Misirin səhiyyə və əhali nazirinin müavini xanım Abla əl-Əlfi Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edilmiş insan inkişafına investisiya mövzusuna həsr olunmuş panel iclasında çıxışı zamanı söyləyib.
Nazir müavini bildirib ki, sağlam əhali davamlı inkişafın əsas dayağıdır və cəmiyyətin sağlamlıq sistemlərinin yaxşılaşdırılması dövlətlərin gələcəyinə birbaşa investisiyası hesab olunur. O, həmçinin Misir dövlətinin sağlamlıq sistemini inkişaf etdirmək istiqamətində daimi səylər göstərdiyini qeyd edib.
Abla əl-Əlfi Misirin “Uşaq həyatında qızıl 1000 gün” adlı prezident təşəbbüsünü təqdim edib. Bu təşəbbüs hamiləlik dövrünü və uşağın həyatının ilk iki ilini əhatə edir. Təşəbbüs çərçivəsində ailə planlama məsləhətçiləri ailələri mədəni və iqtisadi, eləcə də ekoloji cəhətdən səmərəli şəkildə səlahiyyətləndirir. Analar “yaşıl evlər” yaratmaq və ekoloji dost fəaliyyətlərə yönəlmək üzrə təlimlərə cəlb olunurlar. Bundan əlavə, uşaqlar ekoloji cəhətdən səmərəli davranışlara yiyələnirlər.
Misir nümayəndəsi əlavə edib ki, ölkəsi dəyişiklik üçün ən yaxşı yolu uşaqların ekoloji şüurlu şəkildə tərbiyəsində görür. Qeyd edib ki, uşaqların davranışlarının 85 faizi məhz bu dövrdə (1000 gündə) formalaşır və sonradan bunu dəyişdirmək çətin olur. Misirli qonaq ölkəsinin, həmçinin növbəti iqlim konfransının uşaqlara həsr edilməsini tam dəstəklədiyini bildirib.
Nazir müavini səhiyyə bərabərliyinin təmin olunmasında güclü səhiyyə sisteminin qurulmasının vacibliyinə toxunub. Əlavə edib ki, davamlı insan inkişafı cəmiyyətlərin hədəflərinə çatmasına imkan verir və bu, bütün sektorlar arasında qarşılıqlı əməkdaşlıq tələb edir.
ANAMA-da İraqın Kürdüstan Regional...
Su iqlim fəaliyyətinin çox mühüm hissəsi...
AQTA sədri çörək istehsalı, dəyirman və...
“Uşaq və gənclərin NDC 3.0 prosesinə...
Aleksandr Sayer: COP29-dakı işimizi...