23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Ekspert: COP29 Türkiyəyə etimadın yüksəlməsi və onun nüfuzunun artması üçün imkandır

19-11-2024
IMG

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Türkiyənin qlobal ekoloji böhranla mübarizə səylərinin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir. 

Fhnews.az xəbər verir ki, bu fikri Elazığ şəhərindəki Fırat Universiteti Texnologiya fakültəsinin professoru Hikmet Esen ifadə edib.

Professor xatırladıb ki, Ankara 2021-ci ildə Paris Sazişinə rəsmən qoşulub, 2030-cu ilə qədər istixana qazı emissiyalarını 21 faiz azaltmaq hədəflərini açıqlayıb. “Məncə, COP29 Türkiyənin ətraf mühitlə bağlı öhdəliklərini yerinə yetirmək üçün yaxşı fürsətdir. Ankara Bakıda havanın çirklənməsini azaltmaq və enerji transformasiyasını sürətləndirmək üçün daha iddialı hədəflər ortaya qoya bilər”, -deyə Fırat Universitetinin müəllimi qeyd edib.

Hikmət Esen Türkiyənin istixana qazı emissiyaları kvotalarının ticarətində erkən iştirakını istisna etməyib və qeyd edib ki, bu bazar aləti dünyada emissiyaları azaltmağa kömək edə bilər.

Ekspertin sözlərinə görə, COP29-un mövzusunu nəzərə alan Türkiyə inkişaf etməkdə olan ölkə qismində iqlim dəyişikliyinin təsirləri ilə mübarizə üçün daha çox maliyyə dəstəyi axtarmalı, həmçinin yaşıl texnologiyaların transferində fəal rol oynamalıdır. “Müasir Türkiyənin ən müasir texnologiyalara ehtiyacı var, xüsusən də bərpaolunan enerji mənbələrindən (RES) daha fəal istifadə etmək və enerji səmərəliliyini artırmaq üçün bu amil olduqca vacibdir”, - deyə professor qeyd edib.

Onun sözlərinə görə, Bakıda keçirilən iqlim sammiti həm də yeni beynəlxalq əlaqələrin qurulması və bərpaolunan enerji mənbələrinə diqqət yetirməklə davamlı inkişaf strategiyalarının müəyyənləşdirilməsində yaxşı imkandır.

“Türkiyənin iqlim dəyişikliyi ilə mübarizə öhdəliyi istixana qazı tullantılarının azaldılmasından kənara çıxır. “İqlimə uyğunlaşma” istiqamətində atılan addımlar da vacibdir, o cümlədən kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması və infrastruktur layihələrinin həyata keçirilməsində onların rolu böyükdür”, - deyə alim bildirib.

H.Esenin sözlərinə görə, Türkiyənin quraqlıq və su çatışmazlığı ilə mübarizəsinə mühüm töhfə ən yaxşı təcrübələrin öyrənilməsi, eləcə də bu ehtiyaclar üçün “iqlim maliyyəsinin” cəlb edilməsi ola bilər.

Professor vurğulayıb: Mən istisna etmirəm ki, COP29-un nəticələri Türkiyənin kənd təsərrüfatı siyasətinin yaxşılaşdırılmasına töhfə verəcək və ərzaq təhlükəsizliyi strategiyalarının təşviqinə kömək edəcək”.

Fırat Universitetinin professoru COP29-un Türkiyəyə ekoloji qanunvericiliyin hazırlanmasında, eləcə də yaşıl iqtisadiyyatın stimullaşdırılması və sıfır emissiyalı nəqliyyata keçid üçün regional fəaliyyət planlarının yaradılmasında kömək edəcəyi barədə fikirlərini bildirib.

“Türkiyə COP29-da inkişaf etməkdə olan ölkələrin səsi ola və ekoloji böhranla mübarizədə inkişaf etmiş ölkələrlə sıx əməkdaşlıq edə bilər. Ankaranın ekoloji məqsədləri nə qədər iddialı olarsa, Türkiyəyə etimad və onun beynəlxalq nüfuzu bir o qədər çox olar”, - deyə alim sözlərini yekunlaşdırıb.

Paylaş: