Azərbaycan-Almaniya birgə ekspedisiyası Qarabağda arxeoloji tədqiqatlarını davam etdirir
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniya Arxeologiya İnstitutu arasında bağlanmış memoranduma əsasən iki ölkənin arxeoloqlarının iştirakı ilə “Qarabağ düzənliyinin arxeoloji tədqiqi” layihəsi çərçivəsində arxeoloji tədqiqatlar davam edir.
2022-ci ildən etibarən Qarabağ düzənliyində Neolit və Xalkolit dövrü yaşayış məskənlərinin tədqiqini ehtiva edən birgə layihənin Azərbaycan tərəfdən rəhbəri Xəqani Alməmmədov, Almaniya tərəfindən isə Mark İserlisdir.
İnstitutdan verilən məlumata görə, bu il arxeoloji qazıntılar Ağcabədi rayonunun Taynaq kəndi ərazisində yerləşən Canavartəpə Xalkolit dövrü yaşayış məskənində aparılıb. Qazıntılar zamanı qazma tipli yaşayış və təsərrüfat qurğuları, dövrün mədəni, iqtisadi, təsərrüfat həyatını özündə əks etdirən yüzlərlə maddi mədəniyyət nümunəsi aşkarlanıb. Ən çox maraq doğuran nümunələr kretulalardır. Kretulalar getdikcə mürəkkəbləşən yazıyaqədərki inzibati sistemdə uçot və təsdiqləmənin təminatı üçün tətbiq olunurdu və onlara Cənubi Qafqazın həmdövr abidələri içərisində ilk dəfə təsadüf edilir.
Abidəni maraqlı edən digər cəhət onun xronoloji çərçivəsi ilə bağlıdır. C14 analizlərinin nəticələrinə əsaslanaraq Leylatəpə mədəniyyətinə aid ən gec mərhələnin (e.ə. 3920-3430-cu illər) məhz burada qeydə alındığı söylənilə bilər.
Qeyd edək ki, layihə çərçivəsindəki birgə tədqiqatlar iki problem mövzu üzrə aparılır. “Qarabağın Neolit dövrü abidələrinin nisbi və mütləq xronologiyası” mövzusu üzrə aparılan tədqiqatlar çərçivəsində 10 abidədən götürülmüş nümunənin İsrail, Almaniya və Polşanın müvafiq laboratoriyalarında C14 analizləri aparılıb və Bayes xronologiyası əsasında Qarabağın Neolit dövrü məskunlaşma dinamikası modelləşdirilib. Neolitləşmə prosesinin müxtəlif inkişaf mərhələlərində baş vermiş təbii proseslərin izlənilməsi üçün həyata keçirilmiş palinoloji tədqiqatlar e.ə. VI minillikdə Qarabağ ərazisində yerli ekoloji xüsusiyyətlərin dərk edilməsinə imkan yaradıb.
Layihənin ikinci “Qarabağın Leylatəpə fenomeni” mövzusu üzrə aparılan tədqiqatlar regiondakı bu mədəniyyətə aid abidələrin öyrənilməsi məqsədi daşıyır. Layihə çərçivəsində əsas tədqiqat obyektləri olaraq iki abidə - Leylatəpə və Canavartəpə Xalkolit dövrü yaşayış məskənləri seçilib. İlkin nəticələr olaraq əvvəlki illərdə aparılmış arxeoloji qazıntılardan əldə edilən nümunələr əsasında Qarabağda bu mədəniyyətin mütləq xronoloji çərçivəsi müəyyənləşdirilib, saxsı məmulatı statistik və texnoloji baxımdan öyrənilib, paleoantropoloji, paleozooloji, paleobotanik və s. tədqiqatlar aparılıb.
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...
Azərbaycan ali təhsil müəssisələrinin QS...