23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Mikroplastiklər tullantı sularında patogenləri qoruyur - TƏDQİQAT
 

18-11-2024
IMG

Mikroplastiklərin tullantı sularında virus və bakterial patogenləri daşıdığı və bunun insan sağlamlığı üçün təhlükə yaratdığı aşkar edilib.

Fhnews.az xəbər verir ki, bu, Norveç Həyat Elmləri Universitetindən İnqun Lund Vitsonun rəhbərliyi ilə aparılan və “PLOS ONE” jurnalında dərc edilən yeni tədqiqatda göstərilib.

Araşdırmaya əsasən, mikroplastiklər çirkab suların təmizlənməsinin effektivliyini azaldaraq, patogenlərin ətraf mühitə və qida zəncirinə yayılmasına səbəb ola bilər. Çirkab su təmizləyici qurğular mikroplastikləri tamamilə təmizləyə bilmir. Bu plastiklərdə əmələ gələn “plastisfer” adlı bakterioloji təbəqə “Listeria”, “E. coli”, “Klebsiella pneumoniae” və “Acinetobacter spp.” kimi təhlükəli bakteriyaları daşıya bilər. Sözügedən bakteriyalar yoluxucu xəstəliklərə və pnevmoniya kimi ciddi infeksiyalara səbəb ola bilər.

Tədqiqatın nəticələri göstərir ki, hətta son təmizlənmiş tullantı sularında belə plastisferlər patogenləri qoruyaraq ətraf mühitin sağlamlığı və suyun təkrar istifadəsi üçün ciddi problemlər yaradır. Əlavə olaraq, mikroplastiklərin bioplyonkalarında antibiotik müqavimətli genlərinin ötürülməsi üçün əlverişli şəraitin yarandığı da vurğulanır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu cür antibakterioloji müqaviməti qlobal sağlamlıq üçün ən böyük təhlükələrdən biri hesab edir.

Tədqiqatçılar, mikroplastiklərin və onların daşıdığı patogenlərin ekosistemə daxil olmasının qarşısını almaq məqsədilə daha çox innovativ həllərin və araşdırmaların vacibliyini qeyd edirlər. Mikroplastiklərin təsirini azaltmaq üçün tullantı su təmizləmə texnologiyalarının təkmilləşdirilməsi və ekoloji təhlükəsiz idarəetmə mexanizmlərinin yaradılması prioritet məsələ kimi qiymətləndirilməlidir.

Bu araşdırma mikroplastiklərin ətraf mühit və insan sağlamlığı üçün yeni risklər yaradan potensialını yenidən gündəmə gətirib.

Paylaş: