21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

COP29-da Fransanın nüvə sınaqlarının mənfi təsirlərinə görə təzminat ödəməsi tələbi ilə aksiya keçirilib

18-11-2024
IMG

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində dekolonizasiya və yaşıl gələcəyə həsr edilmiş konfransın iştirakçıları Mavi zonada aksiya keçiriblər.

Fhnews.az xəbər verir ki, Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən keçirilmiş “Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik” adlı aksiyanın iştirakçıları - Afrikanın Mali, Keniya, Konqo Demokratik Respublikası, Nigeriya, Cibuti, Toqo, Mavritaniya, Zimbabve, Zambiya və Kamerundan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekofəallar, hüquq müdafiəçiləri öz ölkələrindəki acınacaqlı ekoloji vəziyyətlə bağlı məlumat verib, ekoloji çağırış ediblər.

Aksiyada Fransanın həyata keçirdiyi nüvə sınaqlarının ətraf mühitə, yerli əhalinin sağlamlığına və geosiyasi dinamikaya ciddi və davamlı mənfi nəticələri nümayiş olunub. Bildirilib ki, Fransanın 1960-cı illərdə Afrikada, xüsusilə Əlcəzairdə həyata keçirdiyi nüvə sınaqları ətraf mühitə, yerli əhalinin sağlamlığına və geosiyasi dinamikaya ciddi və ağır təsirlər göstərib. “Soyuq müharibə” və Fransanın müstəqil nüvə gücü əldə etmək istəyi fonunda həyata keçirilən bu sınaqlar həyata keçirildiyi bölgələrdə zəhərli miras qoyub. Fransanın Afrikadakı nüvə sınaqları torpağın, havanın və yeraltı suların kütləvi şəkildə radioaktiv çirklənməsinə səbəb olub. Fransanın 1960-1966-cı illərdə Əlcəzairdə, Böyük Səhranın mərkəzində yerləşən Reqqane və In Ekker bölgələrində 17 nüvə sınağı keçirdiyi, onların atmosferə xeyli miqdarda radioaktiv hissəciklər buraxaraq ətrafdakı ekosistemi çirkləndirdiyi, bu əraziləri yaşayış və kənd təsərrüfatı üçün yararsız hala saldığı qeyd edilib. Həmçinin nüvə sınaqlarının aparıldığı ərazilərin yaxınlığında yaşayan icmalar çox vaxt məlumatlandırılmadığını və qorunmadığı üçün birbaşa radioaktivliyə məruz qaldığı, minlərlə insanın xərçəng, anadangəlmə qüsurlar və tənəffüs xəstəlikləri də daxil olmaqla çirklənmə ilə əlaqədar xəstəliklərə yoluxduğu vurğulanıb. Sınaq meydançalarında işləyən, çox vaxt adekvat qoruyucu vasitələri olmayan yerli işçilərin uzun müddət təhlükəli radiasiya dozasına məruz qaldıqları diqqətə çatdırılıb.

Bildirilib ki, nüvə sınaqları ətraf mühitə və əhaliyə təsirləri məhdudlaşdırmaq üçün kifayət qədər ehtiyat tədbirləri görülmədən həyata keçirilib. Sınaqlardan sonra radioaktiv materiallar, çirklənmiş avadanlıqlar və nüvə tullantıları təhlükəsizlik standartlarına riayət olunmadan ətrafda qalıb və ya düzgün basdırılmayıb. Bu məsuliyyətsiz idarəetmə radioaktiv çirklənmənin xeyli məsafəyə yayılmasına təkan verib. Bu sınaqların təsirləri Fransa tərəfindən rəsmi olaraq tanınmayıb və yerli əhali hələ də rəsmi üzrxahlıq və təzminat gözləyir. Nüvə sınaqlarının təsirinə məruz qalan bölgələrdə doğulmuş uşaqlar radiasiyanın təsirindən, radiasiyanın törətdiyi qüsurlardan və xroniki sağlamlıq problemlərindən əziyyət çəkirlər. Afrikada nüvə sınaqlarından sağ çıxanlar, eləcə də QHT-lər və yerli birliklər uzun müddət Fransadan tanınma və təzminat tələb ediblər.

Qeyd olunub ki, Fransanın Afrikadakı nüvə sınaqlarının, işğal etdiyi ərazilərdə hərbi fəaliyyətlərinin ağır nəticələrinə görə məsuliyyət daşıyır. Fransa bu sınaqlardan təsirlənən əhali qarşısında mənəvi məsuliyyət daşıyır.

Bu ölkənin Afrikadakı nüvə sınaqları Fransa ilə onun keçmiş müstəmləkələri arasında münasibətlərin tarixində qaranlıq səhifədir. Bu fəaliyyətlərin nəticələri yerli əhaliyə və təsirə məruz qalmış rayonların ətraf mühitinə təsir etməkdə davam edir. Bu zəhərli irslə üzləşən xalqlarla beynəlxalq həmrəylik vurulan zərərin rəsmi şəkildə tanınması və bu sınaqların təsirlərini aradan qaldırmaq üçün səylərin artırılması keçmişdəki ədalətsizlikləri aradan qaldırmaq və daha ədalətli gələcəyə doğru irəliləmək üçün vacibdir.

Aksiya zamanı Fransanın nüvə sınaqlarının mənfi təsirlərini əks etdirən fotolardan ibarət sərgi nümayiş olunub.

Paylaş: