21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Azərbaycan Almaniya şirkətlərini bərpaolunan enerji layihələrində əməkdaşlığa dəvət edib

19-11-2024
IMG

Energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Almaniya Sənaye Federasiyasının təşkilatçılığı ilə Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habekin iştirak etdiyi tədbirdə çıxış edib.

Energetika Nazirliyindən verilən məlumata görə, nazir COP29 Sədrliyi ədalətli iqlim nəticələri əldə etmək məqsədilə yeni iqlim maliyyəsi, Milli Müəyyən Edilmiş Töhfələr (NDC-lər), Milli Uyğunlaşma Planları (NAP) və İkiillik Şəffaflıq Hesabatları kimi mühüm məsələlərdə konstruktiv fəaliyyət və təşəbbüslər göstərdiyini qeyd edib.

Nazir Bakıda əldə ediləcək yekun razılaşmanın post-Paris dövrünü başlatmaq üçün tarixi fürsət olduğunu vurğulayıb və Azərbaycanın yaşıl enerji təşəbbüslərini qlobal enerji keçidinə töhfə vermək baxımından əhəmiyyətli addım kimi qiymətləndirib. O, həmçinin diqqətə çatdırıb ki, əsas məqsəd bərpaolunan enerjinin payını enerji balansında 2030-cu ilə qədər 35,5 faizə, 2035-ci ilə qədər isə minimum 40 faizə çatdırmaqdır.

Qeyd olunub ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırda Avropanı və Asiyanı birləşdirən yaşıl enerji dəhlizləri layihələri həyata keçirilir. Xəzər dənizinin 157 QVt külək enerjisi və Mərkəzi Asiyanın yaşıl enerji potensialına əsaslanan “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizləri Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Rumıniya və Macarıstanın enerji şəbəkələrini birləşdirəcək: “Bu layihələr Almaniya və Avropa şirkətləri üçün unikal əməkdaşlıq imkanları təklif edir. Alman şirkətləri enerji sektorunda liderdir və xüsusilə külək enerjisi sahəsində bizim üçün vacib tərəfdaş ola bilərlər. Əlavə olaraq, yaşıl hidrogenin istehsalı və onun Almaniya və digər Avropa ölkələrinə ixracı sahəsində əməkdaşlıq imkanları mövcuddur. Biz Almaniya şirkətlərini bütün bu imkanları dəyərləndirməyə dəvət edirik. Bu tərəfdaşlıqlar Avropanın enerji təhlükəsizliyini gücləndirmək və yeni bazarlar açmaq baxımından da faydalı olacaq”.

Tədbirdən əvvəl energetika naziri Pərviz Şahbazov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habekin iştirakı ilə görüş keçirilib.

Görüşdə təbii qaz tədarükü, bərpaolunan enerji sahəsində əməkdaşlıq və alman şirkətlərinin iştirakına dair müzakirələr aparılıb. Xəzər dənizində külək enerjisinin böyük potensialından istifadə, yaşıl hidrogen istehsalı və onun Avropa bazarlarına ixracı, həmçinin yaşıl enerji dəhlizləri infrastrukturlarının inkişafı istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Paylaş: