23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək

23-11-2024
IMG

“Qida Təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, iri sahibkarlıq subyektləri müvafiq Qanun dərc olunduğu gündən, yəni 2022-ci il iyunun 30-dan 2 il, kiçik və orta sahibkarlıq subyektləri 4 il, mikro sahibkarlıq subyektləri isə 6 il sonra HACCP sistemini məcburi qaydada tətbiq etməlidirlər.

HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Həmin sistemin prinsiplərinin tətbiqinin sahibkarlar üçün bir çox fayda və üstünlükləri var. Belə ki, müəssisələrdə HACCP prinsipinin tətbiqi istehsal olunan məhsulun təhlükəsizliyini təmin edir. Kritik nəzarət nöqtələrini və onların kritik limitlərini müəyyənləşdirməklə və qeydlər aparmaqla, müəssisələrin biznes prosesləri haqqında məlumatları asanlıqla əldə etməsinə şərait yaradır, qida təhlükəsizliyinə kollektiv yanaşmanı təşviq edir. Bundan başqa, həmin sistem qida məhsullarının və qida məhsulları ilə təmasda olan səthlərin müəssisələrin daxili qida zənciri boyu təhlükə və risk analizinin aparılmasını təmin edir, müəssisələrdə təkmilləşdirmələrin aparılması üçün imkanlar və alətlər təqdim edir, məhsulların ixracını, həmçinin satış imkanlarını asanlaşdırır, işçilər arasında qida təhlükəsizliyi anlayışlarının və vərdişlərinin yaradılması proseslərini sürətləndirir. Həmçinin HACCP qida müəssisələrində təhlükəsiz qida istehsalı üçün tələb olunan gigiyena şərtlərini müəyyən və təmin edir, istehlakçıların sağlamlığına təhlükə yarada biləcək səbəbləri müəyyənləşdirməklə, istehsal və xidmət mərhələlərində bu səbəbləri aradan qaldırır və etibarlılıq yaradır.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Təlim Mərkəzi sahibkarlıq subyektlərinin əməkdaşları üçün HACCP mövzusunda təlim və məsləhət xidmətlərini təklif edir. “Qida Təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq təşkil edilən təlimlər zamanı müəssisələrin saxlama anbarlarının, qida blokunun, mal qəbulu, mətbəx və emal sahələrinin HACCP prinsiplərinə uyğunluğu qiymətləndirilir, bu sistemin tətbiqinə kömək göstərilir, müvafiq məsləhətlər verilir. Həmçinin əməkdaşlara HACCP-nin ictimai iaşə müəssisələrində düzgün tətbiq edilməsinə, idarəolunmasına, bu sistemlə bağlı qanunvericiliyin tələblərinə və müvafiq sənədlərin hazırlanmasına dair təlimlər keçirilir. Xidmətlər zamanı mövzu ətrafında müzakirələr aparılır, iştirakçıların sualları cavablandırılır. Təlimin yekununda iştirakçılar sertifikatla təmin olunurlar. Təlimlərdə əldə olunan biliklər qida obyektlərində HACCP sistemini asanlıqla tətbiq etməyə imkan verir.

Sahibkarlar HACCP mövzusunda keçirilən təlimlərdə iştirak etmək üçün [email protected] elektron poçt ünvanına məktub göndərə və ya “1003 - Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

Paylaş: