Müasir dövrün aktual problemlərindən biri – İntihar
Hər gün xəbər saytlarında, telekanallarda, radio dalğalarında insanın özünə qəsd etməsi barədə məlumatlar eşidirik. Bəs, uşaqları, gəncləri, yaşlıları, ümumiyyətlə, insanları həyatından bir göz qırpımında vaz keçməyi vadar edən səbəblər hansılardır?
İntihar nə deməkdir?
İntihar – psixoloji hadisədir, insan bilərəkdən özünü həyatdan məhrum etmək istəyir. İntiharın psixologiyası, hər şeydən əvvəl ümidsizliyin psixologiyasıdır. Ümidsizlik isə şüurun qorxulu şəkildə daralmasıdır. Ümid olduqda insan ən təhlükəli sınaqlara və əziyyətlərə qatlaşır, dözür.
Ümidin itirilməsi halında insan bəzən intihara meyillənir. Düçar olduğu daimi əzab - əziyyətlərdən qurtulmaq yolunu insan intiharda görür.
İntiharın sonu ölüm, intihara aparan yol isə intihar düşüncəsi və intihara cəhddir.
İntihar hallarının baş vermə səbəbləri:
İntihar hadisələrinin baş verməsinə əsasən qeyri-sabit iqtisadi vəziyyət, sosial problemlər və psixoloji amillər, həmçinin ailədaxili münaqişələr, insanlar arasında qarşılıqlı anlaşmanın olmaması, insanlara qarşı qəddar rəftar edilməsi, onların cəmiyyətdən təcrid olunmaları və qayğıdan kənarda qalmaları, eləcə də genetik və bioloji amillər səbəb olur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən:
* Hər il 720000 çox insan həyatını intiharla sonlandırır
* İntihar- 15-29 yaşlı şəxslər arasında 3-cü ölüm səbəbi kimi hesab olunur
* Dünyada intihar hallarının 73%-i aşağı və orta gəlir səviyyəsi olan ölkələr arasında olub
* İntiharın səbəbləri genişdir və bütün yaş kategoriyalarına təsir edəcək sosial, kultural,bioloji,psixoloji və ekoloji faktorlardan asılıdır
* İntihara cəhd hadisələri tamamlanmış intihara üstünlük verir. İntihar üçün əhali arasında əsas risk faktorlarından biri anamnezində,yəni keçmiş/həyat tarixçəsində intihara cəhdin olmasıdır
Kimlər risk qrupuna daxildir?
Yüksək gəlir səviyyəsi olan ölkələrdə psixi pozuntular (xüsusilə depressiya, maddə qəbulu nəticəsində yaranan pozuntular və əvvəllər intihar cəhdlərinin olması) və intihar arasında statistik əlaqə aşkar edilmişdir. Bundan əlavə intihar hadisələrin çoxu impulsiv şəkildə böhran hallarında baş verir. Bu zaman insanlar həyatındakı stress hadisələri ilə mübarizə aparmaq bacarıqlarını itirir (məsələn, maddi problemlər, şəxslərarası münasibətlərdə yaranan problemlər və ya xroniki ağrı və xəstəlik zamanı).
Eyni zamanda suisidal davranış müharibə şəraitində, fövqəladə hallarda, zorakılıq və ya itki hadisəsi baş verdikdə, daimi olaraq narahat edən tənhalıq hissi zamanı tez-tez müşahidə oluna bilir. Bu göstəricilər həmçinin cinsi (LQBTİ+) və ya etnik azlıqlar, məcburi köçkünlər, məhkumlar arasında daha yüksəkdir
İntihar riskinin qiymətləndirilməsi
İnsanlar risk altında ola bilər, amma bu onların intihara meylli olduqları demək deyil. Qeyd etmək lazımdır ki, intiharın səbəbləri müxtəlifdir. Bununla belə, intihara dair bütün işarələr ciddi qəbul edilməlidir. Təhlükəli siqnallar müəyyən müddət ərzində davam edərsə, artıq xüsusi diqqət yetirilməlidir.
İntihar davranışını təməl mexanizmi baxımından fərqli kateqoriyalara ayırırlar:
1. İntihar düşüncəsi. İnsanların böyük bir qismi həyatlarının müəyyən dövründə intihar etməyi düşünürlər. Çünki, insana hər zaman ölüm və ölümdən sonrakı həyat çox maraqlı gəlmişdir. Əksər hallarda bu cür düşüncələri ağlından keçirənlərin çoxu sonunda nəyin baş verəcəyini təxmin edərək bu davranışı reallaşdırmayanlardır.
2. İntihar təhdidləri. Bəzi insanlar istədikləri bir şeyi əldə etmək üçün intihara cəhd edirlər. Belə bir davranışla istədiklərini əldə edənlərə bu davranış tərzi artıq vərdiş halına keçir. Aydın görə bilərik ki, burada hər iki addım səhv, istənilməyən nəticə verir. Ciddi qəbul etməsələr də, bu təhdid edənin real intihar nümayiş etməsinə gətirib çıxarır.
3. Nümayişkar intihar cəhdi. Zarafat etmədiyini, özünü həqiqətən öldürəcəyini göstərmək məqsədilə təhdidlərə cavab verə bilməyənlər nümayişkar intihar cəhdinə əl atırlar. Fəqət cəhd etməzdən əvvəl digərlərinin onları xilas etmələri üçün “acıq qapılar” qoyarlar. Məsələn, o dərman içdiyini və intihar edəcəyini telefon vasitəsilə əvvəldən yaxınına bildirir və bir növ “məni xilas et” göstərişi verir.
4. Həqiqi intihar cəhdi. Belə davranış edən insan ölməyi həqiqətən istəsə də seçdiyi üsul və vaxtın düzgün planlaşdırmasına görə bəzən məqsədinə çatmır və başqaları tərəfindən xilas olunur.
5. Öncədən planlaşdırılmayan intihar. Ölmək niyyəti olmasa da məsələn, bir adam ölərkən insanın nə hisslər keçirdiyini bilmək üçün özünü asa bilər, lakin son anda xilas olmayaraq ölürlər.
İntihar riskini qiymətləndirmək üçün əsas "alət" bir insanla söhbət, onun müşahidəsi və üçüncü şəxslərdən alınan məlumatlardır.
İntihara cəhd edən insana ilkin psixoloji yardımın göstərilməsi:
* Qarışıqlıq yaratmayın və gərgin olduğunuzu göstərməyin;
* onunla səmimi olub ünsiyyət qurmağa çalışın;
* onun və öz təhlükəsizliyinizi qoruyun;
* göz təması yaratmağa çalışın;
* intihar etməsini səbəbini öyrənin;
* hal-hazırda intihar etmə riskinin nəqədər yüksək olduğunu öyrənin;
* ilkin tibbi yardıma ehtiyac olub, olmadığını öyrənin;
* intihar etmək istədiyinə görə mübahisə edib onu qınamayın;
* pozitiv əhval-ruhiyyə yaradıb onu qorumağa çalışın;
* ona hisslərini ifadə etməyə imkan yaradın;
* “Heç kim mənə yardım edə bilməz” cümləsini dönə-dönə təkrar etməsinə baxmayaraq, sizin ona kömək edəcəyinizi inandırmağa çalışın;
* problemlərin müvəqqəti olduğunu vurğulayın;
* mütəxəsisə yönəldin;
Nəzərə almaq lazımdır ki, intihar edən biri müxtəlif düşüncələr içində ola bilər, ancaq psixoloji olaraq alt mətnində önəmsənmək, anlaşılmaq istəyi durur. İntihara cəhd edənlərin əksəriyyətinin məqsədi ölmək deyil, yalnız kiminsə qapısını döyüb eşitdirmək, öz problemlərinə diqqəti cəlb etdirmək, yardıma çağırmaqdır.
DÜNYADA ƏN DƏYƏRLİ ŞEY İNSANIN HƏYATIDIR!
FHN-in Fövqəladə halların nəticələrinin aradan
qaldırılması işinin təşkili Baş idarəsinin
Tibbi və psixoloji yardımın təşkili şöbəsi
Yanğınsöndürənlərin peşə fəaliyyətində...
Anbar və bazalar üçün yanğın...
Payız-qış mövsümündə yanğın...
Fövqəladə hal nədir?...
Müasir dövrün aktual problemlərindən...