21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Anbar və bazalar üçün yanğın təhlükəsizliyi qaydaları

 

18-10-2024
IMG

Bu qaydalar bazalar və anbarlar üçün yanğın təhlükəsizliyinin əsas tələblərini müəyyənləşdirir və onun tələblərinə riayət edilməsi təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, təşkilatlar, müəssisələr, birliklər, digər hüquqi və fiziki şəxslər, Azərbaycan Respublikası vətəndaşları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər (sonradan vətəndaşlar) üçün məcburidir.

Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq baza və anbarların yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri, inzibati heyəti və ya sahibkarlar (sonradan rəhbərləri) daşıyırlar.

 Baza, anbar, ticarət və ictimai iaşə müəssisələrinin ərazisi daim təmiz vəziyyətdə saxlanılmalı, iş qurtardıqdan sonra qablaşdırma və yanar materiallardan təmizlənməlidir. Tullantılar, qablaşdırma materialları müntəzəm olaraq xüsusi ayrılan çəpərlənmiş sahələrə yığılıb, vaxtlı-vaxtında daşınıb aparılmalıdır.

Bütün bina və qurğulara sərbəst yaxınlaşma imkanı təmin edilməlidir. Yanğın su mənbələrinə gedən yollar və keçidlər, habelə yanğın inventarlarına və avadanlıqlarına yanaşma yolları həmişə azad olmalıdır. Binalar arasında yanğına qarşı ara məsafələrdə material, avadanlıq, qablaşdırma materialları yığmaq, nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə edilməsinə icazə verilmir. Qış mövsümündə yollar, keçidlər, su hovuzları və yanğın su hidrantlarının qapaqları müntəzəm olaraq qardan və buzdan təmizlənməlidir.

Ticarət mallarının anbarın qarşısındakı meydançada (rampalarda) saxlanılmasına icazə verilmir. Rampalara boşaldılıb-yığılan mallar, anbarın iş vaxtının sonuna yaxın yığışdırılmalıdır.

Yanğın avtomobillərinin hərəkətinə maneə törədən ayrı-ayrı yol sahələrinin təmiri üçün (yaxud başqa səbəblər üçün) bağlanılması barədə müəssisə rəhbəri, yaxud obyektin yanğına qarşı vəziyyətinə cavabdehlik daşıyan şəxs, dərhal yanğın təhlükəsizliyi xidmətinə xəbər verməlidir. Yolların təmiri dövründə obyektdə müvafiq yerlərdə keçidlərin istiqamətlərini göstərən göstəricilər qoyulmalı, yaxud təmir sahələri üzərindən nəqliyyat üçün keçid qurulmalıdır;

Obyekt daxili dəmir yollarının üzərindəki nəqliyyat keçidləri həmişə yanğın avtomobillərinin keçib getməsi üçün daim azad olmalı və relslərin başlıq səviyyəsində döşənək sərilməlidir. Keçid yollarında vaqonların dayanması qadağandır.

Ticarət, ictimai iaşə müəssisələrinin, baza və anbarların ərazilərində tonqal qalamaq, tullantı və qablaşdırma materiallarını yandırmaq qadağandır.

Baza, anbar, ticarət və ictimai iaşə müəssisələrinin əraziləri gecə vaxtı işıqlandırılmalıdır.

Kənd yerlərində olan bazaların (anbarların) ərazisində yanğın haqqında siqnal verən qurğu olmalıdır.

Ticarət, anbar, istehsalat, inzibati, məişət, əlavə və köməkçi otaqlar daim təmiz vəziyyətdə saxlanılmalıdır.

Binaların, layihələrində nəzərdə tutulmuş ağac konstruksiyalarının odadavamlıq emalı hər il keyfiyyət cəhətdən yoxlanılmalı və lazım gəldikdə yeniləşdirilməlidir.

Malların saxlanılması üçün çardaq otaqlarından istifadə edilməsinə, habelə çat dartıcılarında döşənək qurub onun üzərinə hər hansı materialın yığılmasına icazə verilmir.

Daxili divarlarda və mərtəbələrarası örtüklərdə texnoloji və qapı oyuqlarının yanğına qarşı qurğuları (yanğına qarşı qapılar, baca qapıları, su pərdələri və s.) daim işə yararlı vəziyyətdə olmalıdır. Yanğına qarşı sədlərin müxtəlif kommunikasiya qurğuları ilə kəsişdiyi yerlərdə onların və tikinti konstruksiyaları arasındakı boşluqlar kip tutulmalıdır ki, oradan yanma məhsulları keçə bilməsin.

Mallar yığılan zaman odsöndürən vasitələrin və alışmanın eynilik əlamətləri nəzərə alınmaqla maddə və materialların birgə saxlanılması qaydalarına riayət edilməlidir.

Malların rəfsiz saxlanılması zamanı onlar ştabellərə yığılmalıdır. Ştabellərin arasında keçid yollarının eni 0,8 metrdən az olmamalıdır. Anbar otaqlarında qapı oyuqlarının qarşısındakı keçid yollarının eni qapıların enindən az olmamalıdır. Keçid yollarının eni və mal yığılan yerlər döşəməyə çəkilmiş aydın görünən məhdudiyyət xəttləri ilə işarələnməlidir.

Bütün mağaza, ictimai iaşə müəssisələri, baza və anbar otaqları ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Anbar, ticarət otaqlarında və onların ərazilərində siqaret çəkilməsi qadağan edilir. Siqaret çəkilməsinə yalnız yanğınsöndürmə vasitələri ilə təmin edilmiş xüsusi ayrılmış yerlərdə icazə verilir. Bu yerlərdə Dövlət Standartının tələblərinə əsasən, müvafiq göstərici nişanlar olmalıdır.

Ticarət, ictimai iaşə müəssisələrin baza və anbarlarının binalarında  müəyyənləşdirilmiş qaydada yenidən qurma layihəsi işlənib hazırlanmadan və Dövlət Yanğın Nəzarəti Orqanı ilə razılaşdırılmadan otaqları yenidən planlaşdırmaq və bu zaman tikinti materiallarının odadavamlılıq həddinin aşağı düşməsinə və insanların köçürülmə şəraitinin pisləşməsinə yol vermək olmaz.

Benzin, ağ neft və digər asan alışan və yanar mayelərlə otaqları yumaq, yanar sobaları, elektrik şəbəkəsinə qoyulmuş qızdırıcı cihazları, kassa aparatlarını, hesablama və yazı maşınlarını, radioqəbulediciləri, televizorları və s. nəzarətsiz qoymaq qadağandır.

Anbarlarda qiymətli malların etibarlı qorunub saxlanılması üçün yalnız çıxarılıb taxılan, yaxud açılıb örtülən barmaqlıqların quraşdırılmasına icazə verilir.

Baza və anbarların ərazilərində yerləşən binalarda xidməti heyətin və digər şəxslərin yaşayışı qadağandır.

Tüstünün kənar edilməsi üçün zirzəmi mərtəbələrinin anbar otaqlarında quraşdırılmış pəncərə ovuqları təmiz saxlanılmalı, pəncərələrin şüşələri bütöv olmalı, pəncərə ovuqlarında və pəncərələrdə kar metal barmaqlıqların quraşdırılmasına, habelə pəncərə ovuqlarına kərpic yığılmasına yol verilmir.

 

 

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin

 Yanğına qarşı təbliğat şöbəsi

 

 

 

 

Paylaş: