24 noyabr 2024, bazar Bakı, 14°C
IMG-LOGO

Yanğınsöndürənlərin peşə fəaliyyətində məruz qaldıqları stress mənbələri

28-10-2024
IMG

İnsan həyatını xilas etmək ən çətin işlərdən biridir. Bu mənada yanğınsöndürən peşəsi, şübhəsiz ki, dünyada ən çox tələbat olan peşələrdən biridir. Gündəlik səylər və stress, eləcə də bu işin həyati təhlükələri onu ən çətin və eyni zamanda ən şərəfli peşələrdən biri edir. Məlumdur ki, yanğınsöndürənlərin əsas vəzifəsi yanğına qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, yanğınların söndürülməsi, insanların xilas edilməsi, yanğın və partlayış təhlükəsinə məruz qalan mülklərin və digər maddi əmlakların mühafizəsinin, qəza və təhlükəli vəziyyətlərdə texniki yardım göstərilməsinin təmin edilməsi və müxtəlif digər vəzifələri yerinə yetirməklə bitmir. 

Bu peşə sahibləri qəza yerində işləyərkən müxtəlif stress mənbələrinə məruz qalırlar. Tez-tez qarşılaşdıqları stress və risk faktorları fiziki və zehni sağlamlıqlarına təsirləri qaçılmaz olur. Bir sıra araşdırmalarda yanğınsöndürmə idarəsi əməkdaşlarının üzləşdiyi ekstremal iş şəraitindəki güclü psixo-travmatik amillər elmi cəhətdən izah edilmişdir. Psixi travmanın və personalın psixikasına və sağlamlığına təsir edən birbaşa stresslərin müxtəlif mənbələrdən yarandığı göstərilmişdir [1-4].

Yanğınsöndürənlərin öz peşə vəzifələrini yerinə yetirərkən məruz qadıqları ən tipik stress faktorları aşağıdakılardır:

1. Ətraf mühitin yüksək temperaturun psixoloji vəziyyətə təsiri. Yanğınsöndürənlər döyüş fəaliyyəti zamanı həm döyüşçülər, həm də komandirlər yayda yüksək temperatura, xüsusilə qışda isə aşağı temperaturlara məruz qalmanın kəskin dəyişməsinə məruz qalırlar. Yanğın zamanı ən yüksək ətraf temperatur zirzəmilərdə, yeraltı qalereyalarda, qaz və kabel kommunikasiyalarında yanğınları söndürərkən yaranır.

Bu şəraitdə işləmək sağlamlığa mənfi təsir göstərir, baş ağrıları, başgicəllənmə, gözlər qarşısında “dairələr”, istilik və tıxanıqlıq hissi, zəiflik, hərəkət məhdudluğu, bədən istiliyinin yüksəlməsi və s. yaranmasına səbəb olur. Yanğınları söndürərkən huşunu itirmiş yanğınsöndürənlər də  olur. Bu, həyəcanlanma prosesindən sonra yaranan beyin qabığının depressiyası xüsusi bir stress faktoruna çevrilir.

2. Yüksək tüstü sıxlığının psixoloji vəziyyətə təsiri. Tüstü və his yanğınsöndürənlərin döyüş fəaliyyətində ikinci ən çox yayılmış stress faktorudur ki, onun mənfi təsiri ilk növbədə hiss orqanlarına ciddi təsir göstərir. Yüksək tüstü sıxlığı yanğınsöndürənlərin görmə qabiliyyətini və hərəkətlərini xeyli məhdudlaşdırır.

Tüstü gözün və selikli qişasının şiddətli qıcıqlanmasına, öskürəyə, nəfəs darlığına səbəb olur. Yanğınsöndürənlərin tənəffüs funksiyasının pozulması əmək qabiliyyətinin müvəqqəti itirilməsinə gətirib çıxarılr. Yanğın zamanı tərkibində dəm qazı olan tüstünün inhalyasiyası yanğınsöndürənlərin, xüsusən də ürək xəstəlikləri riski olanların sağlamlığını pisləşdirir.

Digər tərəfdən, tüstü ilə dolu ərazidə işləyərkən yanğınsöndürənlər tez-tez istiqaməti itirirlər. Meşə yanğınlarında tüstünün təsiri ilə çıxış yolunu tapa bilməyən və yanğın ocağından çıxa bilməyən  yanğınsöndürənlər həyati təhlükə ilə üzləşə bilirlər.

3. Güclü səs-küyə məruz qalmanın psixoloji vəziyyətə təsiri. Yanğınların söndürülməsi təcrübəsində müəyyən edilmişdir ki, səs-küy bəzi yanğınsöndürənlərə az təsir edir, digərləri üçün isə xoşagəlməz hisslərə səbəb olur.

Güclü səs dalğaları bəzilərində qorxu, təşviş, narahatçılıq, məyusluq, halsızlıq yaradır. Belə ki, səs-küy nitq mübadiləsini çətinləşdirir, komandirlər tərəfindən verilən əmrlərin, göstərişlərin və daxil olan məlumatların təhrif olunmasına gətirib çıxarır.

Səs-küy şəraitində yanğınsöndürənlərdə diqqətin konsentrasiyası və düşünmə qabiliyyətii azalır. Səs-küyün təsiri altında yanğınsöndürənlərin müxtəlif siqnallara reaksiya verməsi də artmış olur. Belə ki, səs-küy təkcə döyüş fəaliyyətinin nəticəsinə deyil, həm də onların sağlamlığına təsir edən stress faktoru kimi yanğınsöndürənlərin psixikasına mənfi təsir göstərir.

Bu da təbii ki, döyüş fəaliyyətinin azalmasına, bəzi yanğınsöndürənlərin döyüş tapşırığını yerinə yetirməkdən imtina etməsinə də səbəb ola bilər.

4. Məhdud və dar məkanlardada  - tunellərdə, yeraltı qalereyalarda, kabel rabitəsinin təminat qovşaqlarında  döyüş tapşırıqlarını yerinə yetirilməsinin psixoloji vəziyyətə təsiri. Yanğınsöndürənlər belə məkan məhdudluğu səbəbindən sıxılmış vəziyyətdə  peşə fəaliyyətini həyata keçirərkən fiziki çətinliklərə məruz qalır.

 Döyüş tapşırığını sürünərək  və ya  uzanaraq həyata keçirildiyi uzunmüddətli iş şəraiti yanğınsöndürənlərin psixi durumuna mənfi təsir göstərir.

5. Həyəcan siqnalı yanğınsöndürənlərin işində stress faktoru kimi. Elmi dəlillərlə sübut edilmişdir ki, yanğınsöndürənlərin 70  faizindən çoxu həyəcan siqnalı qəbul edərkən neyro-emosional narahatlıq keçirir.

6. Zəhərli kimyəvi maddələrdən zəhərlənmə hallarının psixoloji vəziyyətə təsiri. Yanğınsöndürənlərin yanğının söndürülməsi zamanı həmin məkanda yaranan buxar və qazlarla zəhərlənmə halları olur. Kimya sənayesinin sürətli inkişafı və xüsusilə plastik məmulatların məişətdə geniş tətbiqi yanğınsöndürənlərin zəhərli məhsullara məruz qalma təhlükəsini artırır.

Karbonmonoksit zəhərlənməsi zamanı ilk növbədə, sinir fəaliyyəti pozulur: ümumi zəiflik, ürək döyüntüsü, çaşqınlıq və zehni həyəcan, tənəffüs ritminin və dərinliyinin pozulması, huşun itirilməsi baş verir. Kəskin zəhərlənmədə isə əzələ koordinasiyasının pozulması, zehni disorientasiya, dərin huşun itirilməsi, sonra qıcolmalar, köpüklü tüpürcək axması, göz bəbəklərinin genişlənməsi, dilin dişlənməsi, zəif nəbz və sürətli nəfəsalma müşahidə olunur.

Orta və ağır dərəcəli karbonmonoksit zəhərlənməsindən sonra sinir sisteminin zədələnməsi müşahidə olunur: yaddaş itkisi, diqqət, hallüsinator oyanma, funksional nevrozlar, iflic, tremor, tərləmə baş verir.

Bütün bu zəhərlənmə əlamətləri peşəkar yanğınsöndürənlərə məlumdur və demək olar ki, əksər yanğına çıxışlarda baş verir.

7. Yanğın zamanı və qəza hallarında xəsarət alan insanların fiziki və ruhi vəziyyətinin yanğınsöndürənlərin psixikasına təsiri. İnsanların çox olduğu tikinti meydançaları və sənaye obyektlərində, teatr və kinoteatrlarda, mehmanxanalarda və digər kütləvi insan toplaşan qapalı məkanlarda baş verən fəlakətlər, qəzalar və yanğınlar nəticəsində çoxlu sayda xəsarət alanlar olur.

Təbii və texnogen fəlakətlər yerlərində qurbanların kömək çağırışları, yaralıların iniltiləri, ölən insanların yanmış və parçalanmış cəsədləri, bütün bunlar, şübhəsiz ki, yanğınsöndürən dəstənin şəxsi heyətinin və digər fövqəladə xilasetmə heyəti döyüşçülərinin psixi vəziyyətinə son dərəcə mənfi təsir göstərir.

Adi stress mənbələrinə əlavə olaraq xüsusi stress yaradan mənbələr də  var. Psixoloji stressə əksər hallarda sosial təsirlər də səbəb olur. Yanğınsöndürənlər iş zamanı müxtəlif zehni stress mənbələrinin təsirlərinə məruz qalır. Yanğından mühafizə idarəsində biz “təşkilati” və “qeyri-təşkilati” stress mənbələrini, həmçinin “həyəcan vəziyyəti” ilə əlaqəli stress mənbələrini və yanğınsöndürmədə döyüş tapşırıqları ilə bağlı müdaxilələri birbaşa əlaqəli olan stres mənbələri olaraq  qeyd edə bilərik.

Qeyd edilməlidir ki, psixoloji stress yanğınsöndürənlərə çox güclü mənfi təsir göstərir. Məsələn, yanğına çatmaq üçün yüksək sürətlə yanğınsöndürən maşınının da çağırışa getmək bəzi yanğınsöndürənlər üçün olduqca stressli ola bilər. Halbuki başqaları belə sürətdən həzz ala bilərlər.

Üstəlik, insanların stressə dözümlülük fərqləri də var. Adətən stressə qarşı yüksək, məhdud və aşağı müqaviməti olanları fərqləndiririk. Bəzi insanlar başqaları ilə müqayisədə daha yüksək səviyyəli stressin öhdəsindən asanlıqla gələ bilirlər. Bu əlamətlər fərdi qiymətləndirərkən nəzərə alınmalıdır.

Yanğınsöndürənlərin bilavasitə peşəsi ilə bağlı xüsusilə əhəmiyyətli stress mənbələri bunlardır:

• şəxsi səriştəsizlik hissi və yaxud səriştəlilik hissi;

• müəyyən edilmiş prosedurların və ya standart əməliyyat prosedurlarının olmaması,

• aydın, qeyri-müəyyən, natamam və ya ziddiyyətli prosedurlar;

• xilasetmə avadanlıqları ilə qeyri-peşəkar təlim;

• qeyri-kafi informasiya şəraitində tez qərar qəbul etməyin zəruri olması;

• uçqunların (torpaq, beton və s.) altında qalma, yaralanma və ya tələfat riski;

• təcili yardıma ehtiyacı olan qurbanlara tez çata bilməməyin həyəcanı;

• kütləvi informasiya vasitələrində gedən xəbərlərin və mənfi ictimai rəyin təsiri;

• hadisə qurbanlarının ailəsi və dostları ilə birbaşa təmaslar;

• qurbanlara yardım göstərməyin çətinliyinin yaratdığı həyəcanlı hisslər;

• obyektiv xilasetmə imkanlarının məhdudluğu (maddi ehtiyatların çatışmazlığı, son dərəcə əlverişsiz xilasetmə şəraiti və s.);

• axtarış-xilasetmə işlərində kortəbii şəkildə iştirak edən təlim keçməmiş könüllü qrupların idarə edilməsinin yaratdığı gərginlik hissi;

• qəza yerində və ya fəlakət yerində digər xilasetmə qrupları ilə zəif əməkdaşlıq və koordinasiyanın qurulmaması.

Hadisə yerində işlər başa çatdıqdan sonra yanğınsöndürənlərdə yaranan  mənfi təsir stresli vəziyyətlərin öhdəsindən uğurla gəlmək üçün onların psixoloji vəziyyətini dəqiqliklə öyrənmək və bundan sonra psixoloji təlimi həyata keçirmək lazımdır.

Hazırladı:   Aydan Rzayeva,

FHN-in Fövqəladə hallar nəticələrinin

 aradan qaldırılması işinin təşkili Baş idarəsinin

Qoşun və Qüvvələrin hazırlığı idarəsinin

Tibbi və psixoloji yardımın

təşkili şöbəsinin baş məsləhətçisi

 

 

 

Paylaş: