21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Meşələrin yanğın təhlükəsizliyi

02-07-2024
IMG

 

İsti yay günlərində ehtimalı daha çox olan xoşagəlməz hadisələrdən  biri də yanğınlardır. Belə hadisələrin qarşısının alınmasında aidiyyəti dövlət orqanları ilə yanaşı, vətəndaşların da üzərlərinə çox mühüm vəzifələr düşür. Qeyd edək ki, külli miqdarda ziyanla nəticələnən yanğın hadisələrinin baş verməməsi üçün yay mövsümündə qabaqlayıcı tədbirlərin görülməsinə daha çox diqqət yetirilməlidir. Təbiətə xüsusi gözəllik bəxş edən meşələrin yanğından qorunması isə ən qiymətli sərvətlərimizdən birinin qorunması deməkdir. Çünki insanların həyat fəaliyyətində, onların sağlamlığında mühüm rol oynayan meşələrin də daim qayğıya ehtiyacı vardır. Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu əvəzsiz nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur.

 Meşələrin məhv olmasının əsas səbəblərindən biri də yanğınlara məruz qalmasıdır. Məhz buna görə insanların həyat fəaliyyətində mühüm rol oynayan meşələri yanğından qorumaq üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti isti yay günlərində vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir. 

Meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər, o cümlədən meşə-mühafizə mühəndisləri meşələrin yanğın təhlükəsizliyi qaydalarını bilməklə meşə sahələrində və zolaqlarında yanğına qarşı ciddi rejim təyin etməli və ona ciddi riayət olunmasını daim nəzarətdə saxlamalıdırlar. Meşə təsərrüfatının rəhbər işçiləri yanğınsöndürmə texnikalarını və vasitələrini, təbii və süni su mənbələrinin, keçidlərin, yolların vəziyyətini daim yoxlamalı, mütəmadi olaraq işçilərlə yanğınsöndürmə xidmətinin çağırılması, yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə edilməsi ilə əlaqədar məşqlər keçirməlidirlər. Meşə və meşə zolaqlarında yanğınların baş verməsinə səbəb ola bilən amillərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, həmçinin yanğınsöndürmə vasitələrinə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi də zəruridir. 

Meşə təsərrüfatında yanğın təhlükəsizliyinə məsul olan şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət məqsədilə meşə sahələrinə və zolaqlarına vaxtaşırı baxış keçirməli, yanğın baş verən zaman yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün tədbirlər görməli, yanğının söndürülməsi üçün mövcud vasitələri təşkil etməlidirlər.

Meşə sahələrində baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozmaları səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, meşədə və ya meşəətrafı sahələrdə yandırılmış tonqallar və bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması kütləvi meşə yanğınlarına səbəb ola bilər. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədir. Meşələrə sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və sair yanar mayelərə bulaşmış materiallar atmaq olmaz. Meşədə torf və bitki köklərinin yandırılması yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir. İstirahət edən zaman şüşə qabları, şüşə qırıntılarını meşəyə atmaq qadağandır. Əks halda, Günəş şüasından təsirlənən şüşə qablar və qırıntıları yanğın ocaqlarının yaranmasına səbəb ola bilər.

Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında tonqal yandırılması yanğın təhlükəsi yaratdığından yolverilməzdir. Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin quru ot və odun qalıqlarından təmizlənməsi təmin edilməli, meşə ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir. Meşədən və ya meşə zolağından keçən avtomobil və dəmir yollarının hər iki tərəfi 10 metr məsafədə yanar materiallardan təmizlənməli, meşələr yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.

Havaların isti keçməsi meşələrin yanğın təhlükəsini daha da artırır. Məhz buna görə cavabdeh şəxslər tərəfindən vaxtaşırı olaraq meşədaxili və ətraf sahələr yoxlanılmalıdır. Yanğın və alışma hadisəsi baş verən zaman mövcud əlaltı odsöndürücü vasitələrdən istifadə edilməlidir. Yolda hərəkət edən nəqliyyat vasitələri istifadəçiləri və digər vətəndaşlar tərəfindən siqaret qalığının yanılı vəziyyətdə yerə atılması meşə yanğınlarının baş verməsinə səbəb ola bilər. Hər bir vətəndaş bilməlidir ki, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə o, ölkəmizin iqtisadiyyatının inkişafına və vətəndaşlarımızın sağlamlığına xidmət etmiş olar.

Yuxarıda qeyd olunanlarla bağlı hər hansı bir yanğın hadisəsi baş verərsə, “112”  nömrəli telefona zəng etməyi unutmayın.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin

 Yanğına qarşı təbliğat şöbəsi

 

Paylaş: