Fövqəladə hallarda psixoterapiya metodlarından istifadə
Müasir dövrdə psixoloji xidmət sistemində elmi və praktik istiqamətlərlə yanaşı, tətbiqi istiqamətə də ehtiyac və tələbat get-gedə artmaqdadır. Psixoloji biliklərin yeni müstəqil sahələri meydana gəlir, ictimai həyatın və praktikanın bir çox sahələrində psixoloji biliklərin tətbiqinə əsaslanan yeni xidmət sahələri yaranır.
Fövqəladə hallar baş verdiyi ərazilərdə insanların psixoloji yardıma tələbatının artması danılmaz reallığa çevrilmişdir. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasinin Qanunu psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir .
Fövqəladə hallar zamanı insanlar adət etdikləri şəraitdən məhrum olurlar. Ailəsini və evini itirən insanın psixoloji sarsıntı keçirməsi təbiidir. Bu zaman insanların normal həyata qayıtması onlara göstərilən psixoloji yardımın düzgün və səviyyəli təşkilindən asılıdır.
Psixoloji yardımın lazımı səviyyədə olması üçün əvvəlcədən üç əsas məsələ aydınlaşdırılmalıdır.
Birincisi, baş vermiş hadisənin xarakteri təyin olunmalı, yəni, müəyyən edilməlidir ki,, hadisə nə dərəcədə gözlənilməz olmuşdur, insan buna nə qədər hazırdır, bu hadisə insana nə dərəcədə təsir etmişdir və s.
İkincisi, insanın fərdi-şəxsiyyət xarakteristikası araşdırılmalıdır. Yəni, onun cinsi, hadisəni qiymətləndirmə qabiliyyəti, hadisə ilə bağlı keçmiş təcrübəsi, indi və keçmişdə baş verən hadisələr arasındakı vaxt və s. müəyyənləşdirilməlidir. Ola bilər ki, insanın təcrübəli olması zədəni aradan qaldırmaqda ona kömək etsin, yaxud, əksinə, onu daha da dərinləşdirsin. Problemi dəf etmək qabiliyyəti də əsas ola bilər. Bu zaman fərdi xüsusiyyətlərin nəzərə alınması da vacibdir.
Üçüncüsü, mühit amili nəzərə alınmalıdır. Yəni ətrafdakı insanların hadisəyə reaksiyasının tipi, insanın aldığı dəstəyin kəmiyyəti, qayğı göstərilmənin davam etməsi, qarşılıqlı köməyin, bir- birini dinləmənin və s. cəhətlərə diqqət yetirilməlidir. Zədə almış insanların yaxınları arasında olması daha məqsədəuyğundur.
Uşaqlara psixoloji yardım edilməsi xüsusilə vacibdir.
Yaşlı insanlardan fərqli olaraq uşaqlar çox vaxt onlara kömək lazım olduğunu anlamırlar. Ona görə də ilk növbədə uşağın nə dərəcədə köməyə ehtiyacı olması aydınlaşdırılmalı və lazım gəldikdə ona kömək göstərilməlidir. Nəzərə almaq lazımdır ki, hər yaş dövrü üçün psixoloji köməyin yol və vasitələri müxtəlifdir. Məsələn, məktəbəqədər yaşlı uşaq üçün birinci növbədə əlverişli şərait yaradılmalı, onunla hansısa oyunda iştirak etməli, ona təhlükəsizlik hissi aşılanmalı, öz hisslərini verbalizə etməyi öyrətmək və s. lazımdır.
Psixoterapiyaya psixoloji yardıma ehtiyacı olan insanların bir sıra psixi, əsəb və psixosomatik xəstəlikləri zamanı onların emosiyalarına, mühakimələrinə və mənlik şüuruna kompleks verbal və qeyri-verbal müalicəvi təsirləri nəzərdə tutur.
Psixoterapiya insanın psixi problemlərinin aradan qaldırılmasına, onun simptomlarının ləğvinə, ətraf mühitə və özünə münasibətinin dəyişdirilməsinə yönəldilmiş kompleks tədbirləri özündə əks etdirir. Psixoterapevtik metodlar psixoloji problemlərin aradan qaldırılmasında insan psixikasına təsir məqsədinə yönəldilmiş xüsusi üsullar və vasitələr məcmusudur.
Müasir psixoterapiyanın aşağıdakı növləri fərqləndirilir: fərdi psixoterapiya, qrup psixoterapiyası, ailə psixoterapiyası, rasional psixoterapiya, suggestiv psixoterapiya, narkopsixoterapiya, aytogen məşq, kue əmək terapiyası üzrə özünütəlqin, koqnitiv psixoterapiya, davranış (biheviorial) psixoterapiya, loqoterapiya, psixosintez, transpersonal, geştaltterapiya, oyun terapiyası, rəng terapiyası, musiqi terapiyası, biblioterapiya, mühitlə terapiya (sosioterapiya), rəqs terapiyası, nağıl terapiyası və art-terapiya (rəsm və ya incəsənətlə müalicə terapiyası).
Elmi ədəbiyyatlarda şəxsiyyətə yönəlmə baxımından psixoterapiyanın fərdi və qrup psixoterapiyası kimi formalarının adı çəkilir.
Fərdi psixoterapiyada müalicəvi təsirin səmərəli həlledici amili psixoloqun və pasiyentin bir-birinə qarşı inama və hörmətə əsaslanan psixoterapevtik əlaqə və ünsiyyətidir. Fərdi psixoterapiyanın əsas vəzifələri aşağıdakılardır:
1) zərərçəkənin şəxsiyyətinin dərindən öyrənilməsi;
2) xəstəliyin meydana çıxması və mövcudluğunu şərtləndirən etiopatogenetik mexanizmlərin öyrənilməsi və aşkara çıxarılması;
3) pasiyentdə psixi və somatik pozğunluqların mövcudluğunun səbəb-nəticə əlaqələrinə əsaslanmaqla onun tərəfindən dərk olunmasına nail olmaq;
4) pasiyentdə öz keçmişi və gələcəyi barədə formalaşdırmış aşağı özünüqiymətləndirmənin aradan qaldırılmasına yönəlmiş korreksiya işinin aparılması;
5) medikamentoz və qeyrimedikamentoz terapiyanın tətbiqi;
6) xəstəliyin kəskinləşməsinə səbəb ola biləcək psixotravmatik situasiyaların rasional həllində pasiyentə kömək etmək.
Qrup psixoterapiyası dedikdə, psixi problemləri (nevrozlar, alkoqolizm, narkomaniya və s.) olan insanlar qrupunun klinist-psixoloq tərəfindən müalicəsi məqsədi ilə autogen məşq, relaksasiya və s. vasitəsilə psixoteropevtik qruplar (8-10 nəfər) şəklində apardığı psixoterapevtik təlim və məşqlər nəzərdə tutulur.
Qrup psixoterapiyası üzrə iş prosesində həkimpsixoterapevt xüsusi qrup şəklində seçilmiş xəstələrə onların xəstəliyinin patoloji mahiyyətini izah edir, sağalma proqnozlarını əsaslandırır və psixoterapevtik metodlarla müalicəvi tədbirləri həyata keçirir. Qrup psixoterapiyası həmçinin psixoloji treninqin, ünsiyyət texnikası səviyyəsinin yüksəldilməsinin təşkili kimi məsələlərin həllini də nəzərdə tutur.
Qrup psixoterapiyasının tətbiq sahələri genişdir. Nevrotik və şəxsiyyət pozuntuları, alkoqolizm, narko və taksikomaniya, adaptasiya pozuntusu, sizofreniya və epilepsiya da daxil olmaqla psixi xəstəliklərin müxtəlif formaları bura aid edilir.
Uzunmüddətli psixoterapiya işi zamanı psixoterapevt uşaq və yeniyetmələrlə həftədə 3- 4 dəfə və hər dəfə də 1,5 saat olmaqla təxminən 3 ay iş aparmalıdır. Qısamüddətli terapiya zamanı isə 5-7 gün ərzində hər gün 4 saat işləmək lazımdır. Qrup psixoterapiyasında hər qrupda 8-12 nəfər hər iki cinsdən olan iştirakçı ola bilər.
Fövqəladə hallardan zərər çəkən insanlara rasional psixoterapiya metodundan istifadə edilməsi daha səmərəli ola bilər. Belə ki, rasional psixoterapiya metodun xəstəyə onun xəstəliyinin keçmişi və gələcəyi haqqında məntiqi dəlillərə əsaslanan proqnozlar verməyi, öz imkan və perspektivini dərk etməyi və özünə münasibəti dəyişməyə yönəldilmiş tədbirlər sistemini nəzərdə tutur. Bunun üçün direktiv yanaşmaya, müayinə və müalicə, həkiminin nüfuzuna, peşəkar biliklərinə istinad edilməlidir. Rasional psixoterapiyada adətən izah, inandırma, bəyənmə və təqdiretmə, cəlbetmə və s. kimi metodlardan istifadə olunur. Rasional psixoterapiya fərdi və qrup, o cümlədən ailə qrupları şəklində həyata keçirilə bilər.
Nəhayət, psixoloq psixoterapiya metodlarından istifafə zamanı aşağıdakı peşə şərtlərinə malik olmalıdır:
1.Psixoloqla yardıma ehtiyacı olan şəxs arasında səmimi əlaqənin yaradılması;
2.Şəxsin problemini digər mütəxəssislə müzakirə etmə qabiliyyətinə əsaslanaraq ilkin mərhələdə gərginliyi azaldılması;
3.Öz probleminin həllində səylərini artırmaq üçün şəxsin malik olduğu koqnitiv imkanların genişləndirilməsi;
4.Psixoloqla ünsiyyətdə qazanılan yeni emosional təcrübə əsasında şəxsin davranışında dəyişikliklərin edilməsi;
5.Psixoloqun davranış modelində sosial bacarıqların möhkəmləndirilməsi;
6.İnandırma, təlqinetmə, açıq və ya gizli təsirlər sayəsində şəxsin öz probleminə münasibətinin dəyişdirilməsi;
7.Psixoloqun emosional dəstəyi ilə həyata keçirilən bu prosesdə şəxsdə yeni davranış formalarına şüurlu münasibətin yaradılması.
Hazırladı: Aydan RZAYEVA,
FHN-in Fövqəladə halların nəticələrinin
aradan qaldırılması işinin təşkili Baş idarəsinin
Tibbi və psixoloji yardımın təşkili şöbəsinin
baş məsləhətçisi
Yanğınsöndürənlərin peşə fəaliyyətində...
Anbar və bazalar üçün yanğın...
Payız-qış mövsümündə yanğın...
Fövqəladə hal nədir?...
Müasir dövrün aktual problemlərindən...