21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Türkiyənin gölləri quruyur: peyk görüntüləri ilə 40 illik dəyişiklik qeydə alınıb

06-11-2024
IMG

Qlobal istiləşmə, iqlim dəyişikliyi, həddindən artıq suvarma və yanlış kənd təsərrüfatı siyasəti nəticəsində Türkiyədə su ehtiyatları günü-gündən azalır. Bundan ən çox təsirlənənlərdən biri də göllərdir. Türkiyədəki göllərin son 40 ildə yaşadığı dəyişiklik peyk görüntülərində öz əksini tapıb.
Müxtəlif iqlim amilləri, xüsusilə yağıntılar, temperatur və buxarlanma müəyyən dövrlərdə gölün səviyyəsinin artmasına və azalmasına səbəb olur. Bəzi göllərdə quraqlıq geri dönməz həddə çatıb. Göllər ya tamamilə quruyub, ya da suyun səviyyəsi iki dəfə azalıb.
Bu vəziyyət xüsusilə göl bölgəsində aydın şəkildə özünü göstərir. İç Anadolu Bölgəsindəki göllərdə, xüsusilə Akşehir, Eber, Dünde, Suğla, Eğirdir, Beyşehir, Yağışlı, Karataş, Burdur, Acıgöl və Tuz Gölüdə vəziyyət ağırdır. Son 40-45 ildə göllərdə baş verən dəyişikliklər peyk görüntülərində də əks olunub, onlardan bəzilərini təqdim edirik...

Beyşehir gölü

Müxtəlif ölçülü 33 adacıqdan ibarət Beyşehir gölü Anadolunun ən böyük şirin su gölüdür. Türkiyənin üçüncü ən böyük gölü olan Beyşehir endemik bitki növləri və balıq müxtəlifliyi ilə yerli əhalinin əhəmiyyətli gəlir mənbələrindən biridir.

Bəzi yerlərdə dərinliyinin 21 metrdən 5 metrə qədər düşdüyü gölün illər ərzində dəyişməsi açıq-aşkar görünür.

Burdur gölü

Türkiyənin 7-ci ən böyük gölü olan Burdur gölündəki suyun səviyyəsi 1970-ci ildən bu yana 20,29 metr azalaraq, ən yüksək 851 metrə çatıb. 54 ildə gölün həcmi 47 faiz azalıb.

Acıgöl

Afyonkarahisar və Dənizli sərhəddində yerləşən Acıgöl qorunan göllərdən biridir. Son 40 ildə suyun səviyyəsi iki dəfə azalan Acıgöl qurumaq təhlükəsi ilə üz-üzədir.

Yarışlı gölü

Göllər Bölgəsində yerləşən Yarışlı gölü qismən quruyan göllərdən biridir. Zaman zaman flaminqolara da ev sahibliyi edən Yarışlı gölünün son 40 ildə dəyişməsi də fotolarda nəzərdən qaçmayıb.

Eber gölü

Afyonkarahisarın Bolvadin, Çay və Sultandağı rayonları arasında yerləşən Eber gölü müxtəlif quş və balıq növlərinə ev sahibliyi edir. Göldəki suyun dərinliyi bir vaxtlar 24 metr idisə, 2021-ci ildə 1 metrə enib.
Köçəri quşların tez-tez üz tutduqları yerlərdən biri olan göl hər yay tamamilə qurumaq riski ilə üzləşir.

Düden gölü

Konyanın Qulu rayonundan 5 kilometr şərqdə və Tuz gölünün şimal-qərbində yerləşən "quş cənnəti" olaraq da bilinən Düden gölü isə  demək olar ki, tamamilə qurumuş göllərdən biridir.

Akşehir gölü

Konyadakı Akşehir gölü quraqlıq və düzgün olmayan suvarma sistemi səbəbindən qurumaq üzrədir.

Duz gölü

Duz Gölü Türkiyənin duz ehtiyacının 40 faizini təmin edən ikinci böyük göldür. Son 40 ildə Duz gölünün axın sürətində nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur.

Karataş gölü

Burdurun Karamanlı rayonundakı su quşlarının mühüm qidalanma sahələrindən biri olan və kənd təsərrüfatının suvarılması üçün istifadə edilən Karataş gölü şiddətli quraqlıqdan ən çox təsirlənən yerlərdən biridir. 2021-ci ilin yayında tamamilə quruyan, sonra isə suyunu qismən saxlayan gölün son vəziyyəti peyk fotoşəkillərində göstərilib.

Suğla gölü

Konyanın Seydişehir rayonunda yerləşən Suğla gölü ətrafındakı əkinçilik sahələrini qidalandırır və balıq ovuna imkan verən növlərə də ev sahibliyi edir. Son illərdəki quraqlıq səbəbindən göldə torpaq əmələ gəlib.

Meke gölü

Akşehir gölü ilə eyni sonluğu paylaşan digər göl isə Meke gölüdür. Türkiyənin krater göllərindən biri olan Meke gölü quraqlığın təsiri ilə tamamilə quruyub. Əvvəllər suyun hündürlüyü 5-6 metr olan göldə bir ovuc belə su yoxdur...

Paylaş: