Mütəxəssis: Osteoporoz xəstəliyinin ilkin mərhələsində adətən heç bir əlamət olmur
“Osteoporoz sümük kütləsinin azalması və toxumasının mikrostrukturunun pozulması nəticəsində qırılmalar və deformasiyalara yol açan proqressiv metabolik sümük xəstəliyidir. Osteoporozun əsas ağırlaşması kiçik travmalar zamanı belə sınıqların yarana bilmə təhlükəsidir. Osteoporoz hər hansı bir sınıq yaradana qədər səssiz bir xəstəlikdir.
Osteoporoza və osteopeniyaya yol açan bədən çəkisinin, cinsi hormonların az olması, oturaq həyat tərzi, siqaret, alkoqol və narkotik vasitələrindən istifadədir. Eyni zamanda, D vitamininin çatışmazlığı, kalsium mübadiləsinin pozulması, qalxanvariətraf vəzinin xəstəlikləri kimi amillər böyük rol oynayır”.
Fhnews.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimi Toğrul Rüstəmov deyib.
O, osteoporozu yaradan səbəblər barədə məlumat verərək bildirib: “Bədənin sağlam sümüklər yaratmaq, onları qorumaq üçün kalsium və fosfat minerallarına ehtiyacı var. Həyat boyunca vücud həm köhnə sümüyü reabsorbsiya etməyə, həm də yeni sümük yaratmağa davam edir. Bədəndə yeni və köhnə sümüklərin balansı tarazlıqda olduğu müddətdə sümüklər sağlam və güclü qalır. Yeni sümük meydana gəlməsindən daha çox köhnə sümük reabsorbsiya edildikdə, sümük itkisi baş verir.
Bəzən sümük itkisi naməlum səbəbdən yaranır. Digər vaxtlarda sümük itkisi və nazik sümüklər irsi problemdir. Kövrək sümüklər bədənin kifayət qədər yeni sümük əmələ gəlməsinə mane olan hər hansı bir şeydən qaynaqlana bilər. Yaşlandıqca vücud bu mineralları sümüklərdə saxlamaq əvəzinə, sümüklərdə kalsium və fosfatı yenidən absorbsiya edə bilir. Bu da öz növbəsində, sümükləri zəiflədir.
Əsas risk yeni sümük toxuması yaratmaq üçün kifayət qədər kalsium itirməkdədir. Ona görə də, yüksək kalsiumlu qidaları qəbul etmək vacibdir. D vitamini də lazımdır, çünki o, vücudun kalsiumu mənimsəməsinə kömək edir. Əgər kalsium və D vitamini ilə zəngin kifayət qədər qida qəbul edilmirsə, mədə əməliyyatlarından sonra və ya digər sistemik xəstəliklərə görə bədən qidadan kifayət qədər kalsium və D vitamini ala bilmirsə, sümüklərdə qırılma ehtimalı daha yüksək ola bilər.
Uzun müddət davam edən xəstəlik səbəbindən yataqda qalmaq, Kron xəstəliyi və ya revmatoid artrit kimi bədəndə iltihabın artmasına səbəb olan müəyyən şərtlərin olması, sümük itkisi yarada bilər”.
Həkim osteoporoz xəstəliyinin simptomları, diaqnozu və müalicəsi ilə bağlı da danışıb: “Osteoporozun ilkin mərhələlərində adətən heç bir əlamət olmur. Çox vaxt insanlar bu xəstəliyə sahib olduqlarını öyrənməzdən əvvəl artıq sınıqları yaranır. Onurğa sümüklərinin qırıqları, onurğanın demək olar ki, hər yerində ağrıya səbəb ola bilər. Bunlara “compression” qırıqlar deyilir. Onlar adətən heç bir travma olmadan baş verir. Ağrı qəflətən və ya yavaş-yavaş müşahidə edilə bilər. Zamanla 15 santimetrə qədər boy itkisi yarana bilər.
Osteoporozun diaqnozu isə sümük mineral sıxlığının ölçülməsi, ya da aşağı travmalı bir qırığın inkişafı ilə qoyulur. Əsasən rentgen, ultrasonoqrafiya, kompüter tomoqrafiya görüntüləmələri ilə diaqnoz qoyulur. Diaqnoz müəyyənləşdirmək üçün “dual X-Ray” absorbsiometriya vasitəsilə sümüklərdəki mineralların sıxlığını ölçən rentgendən istifadə olunur. Çox vaxt onurğa və çanaq sümüklərində sıxlığı ölçür.
Xəstəliyin müalicəsinin məqsədi sümük gücünü artıraraq, sınıqların qarşısını almaq, fiziki möhkəmliyi maksimum səviyyəyə çatdırmaqdır.
Zərərli vərdişlərdən imtina etmək lazımdır. Belə ki, siqaret çəkmək sümük itkisini sürətləndirir. Eyni zamanda, alkoqol qəbulu da sümük sıxlığına ciddi təsir göstərməklə, sizi yıxılma və sümük qırma riski ilə üz-üzə qoyur. Yaşlı insanlara isə hərəkət edərkən daha diqqətli olmaq tövsiyə olunur. Məsələn, yıxılmamaq üçün yaxınlıqdakı möhkəm mebellərdən, yaxud digər əşyalardan tutmaq lazımdır. Yıxılma riskini azaltmaq üçün tutunma yerlərinin olması, evdə uyğunsuz künclərin, döşəmələrin aradan qaldırılması vacibdir. Vanna otağında təhlükəsizlik tutacaqlarını quraşdırmaq, sürüşməyə qarşı xüsusi döşəmələrdən istifadə etmək tövsiyə olunur. Yaxşı oturan və aşağı dabanlı ayaqqabıları, dabanı olmayan tərliklər geyinməmək lazımdır.
Müvafiq miqdarda kalsium və D vitamini təmin edən pəhrizə əlavələri xəstələri təyin edilir.
Bu xəstəliyə meylli və 50 yaşdan yuxarı hər bir kəsin osteoporoz riskinə görə həkim konsultasiyasında olmağını tövsiyə edirəm”, - deyə T.Rüstəmov əlavə edib.
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...
İstanbul Boğazının əsrarəngiz sualtı...
Uşaqların dil öyrənmə mexanizmləri ilə...