21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Körpələrin şəkərdən az istifadə etməsi sağlamlığa uzunmüddətli fayda verir - ARAŞDIRMA

06-11-2024
IMG

Britaniyada aparılan araşdırmaya görə, körpənin həyatının ilk min günü (hamiləlik dövründən iki yaşına qədər olan müddət) onun sağlamlığının formalaşmasında həlledici rol oynayır. Mütəxəssislər müəyyən ediblər ki, bu dövrdə şəkər istehlakının azaldılması gələcəkdə bir çox xəstəlik riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Fhnews.az BBC-yə istinadla xəbər verir ki, araşdırmaya əsasən, erkən dövrdə şəkər qəbulunu məhdudlaşdırmaq diabet riskini 35 faiz, yüksək qan təzyiqi riskini isə 20 faiz azaltmağa kömək edir. Bundan əlavə, şəkərin təsirinə erkən məruz qalmayan uşaqlarda piylənmə riski də 30 faiz aşağı olur.

Cənubi Kaliforniya Universiteti tərəfindən aparılan araşdırmada Britaniyanın “Biobank” genetik məlumat bazasından faydalanaraq 1951-1956-cı illər arasında doğulmuş və mütəmadi olaraq sağlamlıq müayinəsindən keçən 60 min insanın məlumatları təhlil edilib. Araşdırmanın nəticələrinə görə, erkən dövrdə şəkər istehlakının məhdudlaşdırılması insanlarda diabet və yüksək qan təzyiqi riskini azaldıb.

1950-ci illərdə Britaniyada şəkər istehlakının artması müşahidə olunub. İkinci Dünya Müharibəsindən sonra talon sisteminin sona çatması səbəbindən gündəlik şəkər istehlakı kəskin şəkildə artıb. 1953-cü ilin sentyabrında talon sistemi ləğv edildikdən sonra gündəlik şəkər qəbulu 41 qramdan (10 kub şəkər) 80 qrama (20 kub şəkər) yüksəlib. Bu artışın sonrakı nəsillərin sağlamlığına mənfi təsirlərini izləmək üçün tədqiqatçılar geniş analiz aparıblar. Araşdırmaya rəhbərlik edən alimlərdən biri olan Tadeja Qrakner bildirib ki, erkən yaşda şəkərə məruz qalma bədənin maddələr mübadiləsi və qida maddələrinə reaksiyasına ömür boyu təsir edə bilər. Qrakner həmçinin qeyd edib ki, uşaqlıqda həddən artıq şəkər qəbulu insanın ömrü boyu şirin qidalara meyl etməsinə səbəb ola bilər.

Araşdırmanın nəticələrinə əsasən, hamiləlik dövründə anaların şəkər qəbulu da körpənin gələcək sağlamlığına əhəmiyyətli təsir göstərə bilər. Şəkər qəbulunun məhdud olduğu dövrdə doğulan uşaqların daha sağlam böyüdükləri müşahidə olunub. Bununla əlaqədar olaraq tədqiqatçılar hamilə qadınların şəkər istehlakına diqqət yetirmələrinin əhəmiyyətini vurğulayıblar. London Kral Kollecində qidalanma üzrə müəllim Keyti Dalrimpr araşdırmanın erkən dövrdə bəzi kritik anların gələcək sağlamlıq üzərində mühüm təsirə malik olduğunu təsdiqlədiyini bildirib. Oksford Universitetinin qidalanma üzrə müəllimi Jerusa Brinyardello isə araşdırmanın “körpə gözləyən analar və erkən uşaqlıq dövründə valideynlər üçün bir xəbərdarlıq” kimi qəbul edilməli olduğunu vurğulayıb.

Şəkərin həddindən artıq istehlakının qarşısını almaq məqsədilə bəzi qeyri-hökumət təşkilatları Britaniyada uşaqlar üçün satılan qidalarda çox yüksək miqdarda şəkər olduğunu bildirib və valideynlərə bu qidalardan uzaq durmağı tövsiyə ediblər. Ailələrə, xüsusən də körpə və uşaq yaşlarında daha az şirin tərəvəzlər, məsələn, brokoli və ya ispanaq kimi qidalar məsləhət görülür ki, uşaqlar müxtəlif dadlara alışsınlar. Buna baxmayaraq, araşdırmanın müəllifləri vurğulayırlar ki, araşdırmanın nəticələri fərdi pəhrizlərin izlənilməsi yolu ilə dəqiqləşdirilməyib və bu səbəbdən genişmiqyaslı qəti nəticə əldə etmək mümkün deyil. Bundan başqa, erkən yaşda şəkərdən qaçmağın gələcək sağlamlıq üçün əhəmiyyətli faydalar verə biləcəyini vurğulayan tədqiqatçılar, erkən uşaqlıq dövründə az şəkər istehlakının uşaqlara daha sağlam bir gələcək təmin edə biləcəyinə inanırlar.

Paylaş: