6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

İnternet provayderinin seçimi ilə bağlı 17 bina üzrə problem aradan qaldırılıb
 

05-06-2025
IMG

Son bir il ərzində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) çoxmənzilli yaşayış komplekslərində internet provayderinin sərbəst seçilməsi və operatorlar üçün bərabər şəraitin yaradılması ilə bağlı 215 müraciət daxil olub.

Agentlikdən bildirilib ki, müraciətlər 194 yaşayış kompleksini əhatə edib. İKTA tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, 83 müraciət üzrə yalnız bir internet provayderi fəaliyyət göstərir. Bundan başqa, 80 müraciət üzrə iki, 36 müraciət üzrə isə üç və daha çox provayderin həmin binalarda xidmət göstərdiyi müəyyən edilib.

Hazırda 16 müraciət üzrə araşdırma prosesi davam edir.

Görülmüş tədbirlər nəticəsində 17 müraciət müsbət həllini tapıb. Belə ki, müvafiq MTK və idarəedici təşkilatlar tərəfindən digər provayderlərin də həmin binalarda fəaliyyət göstərməsinə şərait yaradılıb. Digər müraciətlər üzrə də müvafiq addımlar atılmaqdadır.

Agentlik bir daha xatırladır ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, abunəçilərin provayder seçmək hüququ var və bu hüququn təmin olunması üçün lazımi şərait yaradılmalıdır.

İKTA bildirir ki, istifadəçilərin maraq və hüquqlarını pozaraq digər provayderlərin fəaliyyətinə maneə törədən şəxslərə qarşı qanunvericiliyə uyğun tədbirlər görüləcək. Qanunsuz əməllərə yol verənlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Agentlik istehlakçılara və internet provayderlərinə belə hallarla qarşılaşdıqları təqdirdə tənzimləyici quruma müraciət etməyi tövsiyə edir.

Paylaş: