Qərbi Azərbaycan İcmasında Türkiyə universitetlərinin müəllimləri ilə görüş keçirilib
İyunun 3-də Qərbi Azərbaycan İcmasında Türkiyə Respublikasının bir sıra universitetlərinin müəllimləri ilə görüş keçirilib.
Fhnews.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli mayın 21-də Ankarada keçirilmiş konfransdan bəhs edib və elmi dairələrlə əməkdaşlığın Qərbi Azərbaycan məsələsinin öyrənilməsi baxımından vacibliyini vurğulayıb. O, Prezident İlham Əliyevin İcmanın binasının açılışında səsləndirdiyi fikirlərə istinad edib, Qərbi Azərbaycan məsələsinin artıq strateji hədəfə çevrildiyini vurğulayıb.
Burdur Mehmet Akif Ersoy Universitetinin müəllimi, xarici siyasət məsələləri üzrə şərhçi dosent Esma Özdaşlı Azərbaycanın haqq mübarizəsinə elmi dəstəklərinin göstərildiyini və Qarabağ Zəfərinin Türk dünyasının ortaq zəfəri olduğunu bildirib.
Hacəttəpə Universitetinin Strateji Araşdırmalar Mərkəzinin müdir müavini doktor Özlem Pınar Oran Zəngəzur dəhlizinin təhlükəsizliyinə dair layihə hazırladıqlarını və Qərbi Azərbaycan məsələsinin öyrənilməsinə dəstəyə hazır olduqlarını vurğulayıb.
“Erməni Araşdırmaları” jurnalının məsul redaktoru, Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki, tədqiqatçı Tuğçə Tecimer Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması üçün məlumatlandırma işlərinə dəstək verəcəklərini bildirib.
Ankara Hacı Bayram Vəli Universitetinin müəllimi, xarici siyasət məsələləri üzrə şərhçi dosent Levent Ersin Orallı Qərbi azərbaycanlıların hüquqlarının beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyətini qeyd edib.
Strateji Düşüncə İnstitutunun (SDE) sədr müavini Alper Tan Qərbi Azərbaycanla bağlı tədqiqatların və ictimai təşəbbüslərin dəstəklənməsinin vacibliyindən danışaraq, bu istiqamətdə fəaliyyət göstərməyə hazır olduqlarını vurğulayıb.
Ankara Hacı Bayram Vəli Universitetinin müəllimi, Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin (ANKASAM) sədri professor Mehmet Seyfettin Erol, Türkiyə İqtisadi Siyasətləri Araşdırma Vəqfinin Orta Şərq və Orta Asiya İnstitutunun direktoru professor Hilmi Demir, Qazi Universitetinin müəllimi, Türkiyə Siyasi və Strateji Araşdırmalar Vəqfinin sədri doktor Sinan Demirtürk, Ankara Bilim Universitetinin müəllimi doktor Damla Taşkın Qərbi Azərbaycan həqiqətlərinin Türkiyədə davamlı şəkildə gündəlikdə saxlanmasının vacibliyini bildiriblər.
Nəcməddin Ərbakan Universitetinin müəllimi, siyasi şərhçi doktor Gökhan Çınkara da həmkarlarının fikirlərini dəstəkləyərək, Qərbi Azərbaycanla bağlı bütün təşəbbüslərə dəstək göstərməyə hazır olduğunu bildirib.
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Türkiyə-Azərbaycan münasibətlərinin qardaşlığa dayandığını qeyd edib.
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə 1987–1991-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın hüquqlarının birgə səylərlə beynəlxalq aləmə çatdırılmasının əhəmiyyətindən danışıb.
Görüşdə Qərbi Azərbaycan məsələsinin elmi müstəvidə araşdırılması, beynəlxalq ictimaiyyətə çatdırılması və bu istiqamətdə Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Qarabağ “DOST Evi” filialı ağacəkmə...
Ölkəyə idxal olunan toxumluq kartof...
Sel suları Bakı-Şamaxı yolunda...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...
Elektron Təhlükəsizlik Xidməti yeni...