5 iyun 2025, cümə axşamı Bakı, 17°C
IMG-LOGO

Azərbaycanda 10 günəş və külək elektrik stansiyasının istismara verilməsilə bərpaolunan enerji inkişafının birinci mərhələsi başa çatacaq

03-06-2025

Bu il 240 meqavat gücündə külək elektrik stansiyası istifadəyə veriləcək, 200 meqavat gücündə üç günəş elektrik stansiyasının tikintisinə başlanılacaq.

Fhnews.az xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, 2,7 milyard dollar investisiya dəyəri olan bu yaşıl enerjilayihələrində bərpaolunan enerjinin payı 2027-ci ildə 33,7 faizə çatacaq.

“Planlarımız bu göstəricini 2030-cu ildə 38 faizə, 2035-ci ildə isə 42,5 faizə yüksəltməkdir. Növbəti 5 il ərzində quruda və dənizdə yaradılacaq 6 qiqavatdan çox “yaşıl enerji gücü”nün 4 qiqavatı ixraca yönəldiləcək. Həmçinin “yaşıl enerji zonası” - Naxçıvanın 6 qiqavat bərpaolunan enerji potensialının ən azı 1 qiqavatı ixrac ediləcək. Azərbaycan Prezidentinin yaşıl enerjinin tədarükü və transsərhəd ötürülməsində ölkəmizin aparıcı mövqeyini təmin etməyə yönəlmiş strateji baxışına uyğun olaraq, hazırda Xəzər hövzəsini, Mərkəzi Asiya, Türkiyə və Avropanı əhatə edən genişmiqyaslı “yaşıl enerji dəhliz”ləri layihələri həyata keçirilir. Bu dəhlizlər Avropaya gələcəkdə təkcə yaşıl enerji, hidrogen deyil, həm də fiber-optik kabellərlə data nəql edəcək”,- deyə nazir bildirib.

Azərbaycanın yaşıl enerji vasitəsilə Xəzərin enerji mərkəzi kimi inkişafında tamamilə yeni bir strateji səhifə açdığını deyən energetika naziri növbəti iki il ərzində 10 günəş və külək elektrik stansiyasının istismara verilməsi ilə bərpaolunan enerjinin inkişafının birinci mərhələsinin tamamlanacağını qeyd edib.

Paylaş: