bp Xəzərdə iki kəşfiyyat və işlənmə bloku ilə bağlı SOCAR-dan 70 faiz pay alıb
Bu gün bp Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən iki dəniz kəşfiyyat və işlənmə blokunda iştirak payları alıb.
Fhnews.az xəbər verir ki, sövdələşməni rəsmiləşdirən sazişlər bp və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb.
Birinci blok Bakıdan 120 kilometr şərqdə, “Günəşli” yatağından 20–25 kilometr məsafədə, suyun 150–200 metr dərinliyində yerləşən “Qarabağ” neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış Risk Xidməti Sazişi (RXS) mövcuddur.
İkinci blok Bakıdan 90–110 kilometr şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən Əşrəfi–Dan ulduzu–Aypara (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid hasilatın pay bölgüsü sazişi də (HPBS) 2018-ci ildə imzalanıb.
bp iki sazişin - RXS və HPBS, hər birində SOCAR-dan 35 faizlik iştirak payı alıb. Hər iki sazişdə qalan 65 faizlik iştirak payını SOCAR özündə saxlayacaq. bp hər iki müqavilə üzrə operator olacaq.
bp-nin pay əldə etməsini rəsmiləşdirən sazişləri SOCAR-ın prezidenti Rövşən Nəcəf və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz imzalayıblar.
SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib: “Bu yeni sazişlər vasitəsilə bp ilə strateji tərəfdaşlığımızı daha da genişləndirməkdən məmnunuq. Qarabağ və Əşrəfi–Dan Ulduzu–Aypara sahələri əhəmiyyətli potensiala malikdir və bp-nin operatorluq təcrübəsi bu sahələrin tam dəyərinin ortaya çıxamasında həlledici rol oynayacaq. Bu əməkdaşlıq Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uzaqgörən strategiyaya əsaslanır və etibarlı qlobal enerji tərəfdaşı kimi mövqeyimizi daha da gücləndirir. bp ilə möhkəm əməkdaşlığımızın yeniuğurlar gətirəcəyinə inanırıq”.
bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell deyib: “Bu Azərbaycana yeni bir öhdəliyimiz olmaqla həm də əhəmiyyətli bir potensial artım imkanıdır. Mövcud iri fəaliyyət mövqelərimizə və tərəfdaşlıqlarımıza əsaslanaraq apstrim neft-qaz biznesimizi genişləndirilmək strategiyamız üçün çox vacibdir. Azərbaycanda dünya səviyyəli hasilat və ixrac infrastrukturunun idarə edilməsində və ona sərmayə qoyulmasında 30 ildən çox uğurlu təcrübəmiz var. Bu gün SOCAR-la imzaladığımız müqavilələr kimi yeni imkanlar məqsədlərimizə çatmağımızda mühüm rol oynayacaq. SOCAR-la uzunmüddətli tərəfdaşlığımıza əsaslanaraq buradakı mövcud infrastrukturdan ən səmərəli şəkildə istifadə etməyə imkan yaradacaq yeni işlənmə variantlarını müəyyənləşdirəcəyik. Operator olaraq isə biz bu layihələrin irəliləyişini sürətləndirmək üçün qlobal təcrübəmizi, texniki və kommersiya biliklərimizi, qabaqcıl texnologiyalarımızı və maliyyə resurslarımızı gətirərək onları təhlükəsiz və səmərəli şəkildə icra edəcəyik”.
Antiinhisar və İstehlak Bazarına Nəzarət...
Ölkədə enerji menecmenti sahəsində yeni...
Azərbaycan-Çin İqtisadi və ticarət...
“Biletim.az” portalı üzərindən onlayn...
“Yaşıl nəqliyyat”a keçid ekoloji yükü...