6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

Səhiyyə Nazirliyi Xankəndidə iki günlük kardioloji müayinələr təşkil edib

04-06-2025
IMG

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "Böyük Qayıdış” Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələr, eyni zamanda, sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.

Fhnews.az xəbər verir ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir Xankəndi şəhərində baş tutub. Səhiyyə Nazirliyi akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Xankəndi sakinləri üçün ikigünlük kardioloji müayinələr təşkil olunub.

Tədbirin əsas məqsədi vətəndaşlar arasında ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müalicələrin təyin edilməsidir.

ETKİ-nin kardioloq, nevropatoloq, endokrinoloq, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi təyin olunub. Tibbi aksiya zamanı 200-ə yaxın vətəndaş müayinədən keçib.

Tədbirin davamı olaraq ETKİ tərəfindən Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində maarifləndirmə aksiyası da keçirilib. İnstitutun direktoru Gülnaz Dadaşova ətraflı təqdimatla çıxış edərək, müasir dövrdə sağlam həyat tərzinin təbliği və ürək xəstəliklərinin artması baxımından layihənin əhəmiyyətindən danışıb.

Aksiya zamanı ürək-damar xəstəliklərinə qarşı mübarizə aparmaq məqsədilə Qarabağ Universitetinin tələbələri üçün sağlam həyat tərzi və zərərli vərdişlərdən qorunma haqqında video-çarxlar nümayiş olunub. Eyni zamanda, tədbir çərçivəsində arzu edənlərin boy və çəkisi, arterial təzyiqi və nəbzi ölçülüb.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb və aksiya iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Paylaş: