6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

Laçında Azərbaycan və MDB-yə üzv dövlətlərin iştirakı ilə dəyirmi masa keçirilib

03-06-2025
IMG

“Laçın – MDB ölkələrinin mədəniyyət paytaxtı 2025” çərçivəsində iyunun 3-də “Mədəniyyətlərarası əməkdaşlıq: dayanıqlı inkişaf yolu kimi” mövzusunda dəyirmi masa təşkil olunub.

Fhnews.az xəbər verir ki, tədbirdə Azərbaycan daxil olmaqla yeddi ölkəni təmsil edən mədəniyyət və elm sahəsində fəaliyyət göstərən nümayəndələr iştirak ediblər.

Mədəniyyət Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev, MDB Baş katibinin müavini Nurlan Seytimov və digərləri çıxış edərək Laçının mədəniyyət paytaxtı elan edilməsini regionda mədəni dirçəlişin və beynəlxalq əməkdaşlığın simvolu kimi dəyərləndiriblər.

Dəyirmi masa zamanı müxtəlif ölkələr arasında mədəni əməkdaşlığın genişləndirilməsi, mədəniyyətlərarası dialoqun gücləndirilməsi və bu sahədə qlobal çağırışlara qarşı birgə yanaşmaların formalaşdırılması məsələləri müzakirə olunub.

Tədbirdə qeyd olunub ki, son on il ərzində Azərbaycan 6 xarici ölkədə mədəniyyət mərkəzi açaraq, milli mədəniyyətimizin təbliği və beynəlxalq mədəni mübadilənin inkişafı istiqamətində mühüm addımlar atıb. Bu mərkəzlər vasitəsilə Azərbaycan mədəniyyəti dünya ictimaiyyətinə daha yaxından tanıdılır, eyni zamanda ölkələrarası humanitar dialoqa töhfə verilir.

Həmin mədəniyyət mərkəzləri Azərbaycan ədəbiyyatı, tarixi, musiqisi, rəssamlığı, xalq sənətkarlığı və tarixinin müxtəlif ölkələrdə tanıdılması ilə yanaşı, birgə sərgilər, konsertlər, ədəbi gecələr və elmi müzakirələr vasitəsilə mədəni körpülər qurur.

Bildirilib ki, bu mərkəzlər fəaliyyət göstərdikləri ölkələrdə yaşayan azərbaycanlı icmalarla əlaqələrin möhkəmləndirilməsində də mühüm rol oynayır. Eyni zamanda, onlar digər xalqların mədəniyyətləri ilə dialoq mühitinin yaranmasına, qarşılıqlı anlaşma və tolerantlığın təşviqinə xidmət edir.

Tədbir iştirakçıları Azərbaycan dövlətinin mədəniyyət sahəsinin inkişafına göstərdiyi diqqət və qayğı, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atdığı strateji addımları yüksək qiymətləndiriblər. Vurğulanıb ki, bu təşəbbüslər təkcə Azərbaycanın deyil, ümumilikdə regionun mədəni inteqrasiyasına və dayanıqlı inkişafına xidmət edir.

Qeyd edək ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.

Paylaş: