1 iyun 2025, bazar Bakı, 29°C
IMG-LOGO

Azərbaycan və Gürcüstan Milli kitabxanaları arasında əlaqələrin daha da möhkəmləndirilməsi müzakirə olunub

30-05-2025
IMG

XXVII Tbilisi Beynəlxalq Kitab Festivalı çərçivəsində, mayın 30-da Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Gürcüstan Milli Kitabxanasında olub.

Kitabxanadan  bildirilib ki, Kərim Tahirov Gürcüstan Milli Kitabxanasının direktoru Konstantin Qamsaxurdiya ilə görüşüb.

K. Qamsaxurdiya Gürcüstan Milli Kitabxanasında Azərbaycanla bağlı qiymətli kitabların olduğunu bildirib.

Direktor Kərim Tahirov isə iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün kitabxanalar arasındakı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

“Kitablar ölkələr arasında ən yaxşı körpüdür. Ölkələrimiz arasında kitab mübadiləsi bizi bir-birimizə daha da tanıdır. Oxucularımız ölkələrimizin tarixi və mədəniyyəti ilə yaxından tanış olurlar”, - deyə o diqqətə çatdırıb.

Görüş zamanı Azərbaycan Milli Kitabxanası ilə Gürcüstan Milli Kitabxanası arasında mövcud Memoranduma əsasən, iki ölkənin Milli Kitabxanalarının qarşılıqlı əməkdaşlıq fəaliyyəti, kitabxana arxivlərinin zənginləşdirilməsi məqsədilə nadir kitabların və əlyazmaların tədqiqi, kitab sərgilərinin təşkili, beynəlxalq kitab mübadiləsinin inkişafı və kitabxana elminin bütün sahələrində mütəxəssislərin təcrübə mübadiləsinin aparılması, treninq kursları, seminarlar, elmi konfranslar və simpoziumların keçirilməsi müzakirə olunub.

Görüşün sonunda Kərim Tahirov K. Qamsaxurdiyaya öz təşəkkürünü bildirib və Gürcüstan Milli Kitabxanasına Azərbaycana dair kitablar hədiyyə edib.

Paylaş: