1 iyun 2025, bazar Bakı, 29°C
IMG-LOGO

ADA Universitetində VII İngilis Dili Olimpiadasının qalibləri mükafatlandırılıb
 

30-05-2025
IMG

ADA Universitetinin təşəbbüsü ilə hər il keçirilən akademik məqsədlər üçün ingilis dili Olimpiadasının qaliblərinə mükafatlar təqdim edilib.

Fhnews.az xəbər verir ki, mükafatlandırma mərasimi ADA Universitetində keçirilib.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, “Baku Education Information Center”, “STI Travel” və “BESTCOMP GROUP” şirkətlərinin tərəfdaşlığı ilə təşkil olunan çoxmərhələli olimpiadada ümumilikdə 1674 şagird iştirak edib. Onlar ADA Universitetinin Bakı və Qazax kampuslarında, Gəncə şəhərindəki Mir Cəlal Paşayev adına 39 nömrəli məktəbdə və Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına məktəbdə keçirilən mərhələləri uğurla tamamladıqdan sonra mükafatlandırılma mərasiminə dəvət olunublar.

Mərasimdə çıxış edən ADA Universitetinin prorektorları Vəfa Kazdal və Fariz İsmayılzadə vurğulayıblar ki, artıq ənənəyə çevrilmiş bu olimpiada ölkənin müxtəlif bölgələrindən olan şagirdləri bir araya gətirir və bir daha sübut edir ki, istedad yalnız paytaxtda deyil, Azərbaycanın hər bir guşəsində mövcuddur. ADA Universitetinin məqsədi həmin istedadları üzə çıxarmaq və onları dəstəkləməkdir.

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirinin müavini Rəşad Xudiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nərminə Hüseynova və Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev çıxış edərək olimpiadada iştirak edən məktəbliləri göstərdikləri akademik səylərə görə təqdir edib, qaliblərə təbriklərini çatdırıblar.

Nəticələrə əsasən, 8-9-cu sinif şagirdləri arasında ilk üç yerin qalibləri mükafatlandırılıblar. Birinci yerin sahibi, Astara rayonunun Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbinin şagirdi Uğur Əlizadə Böyük Britaniyada ikihəftəlik "Qlobal gənc liderlər" kursunda ödənişsiz iştirak etmək haqqı qazanıb. Mükafatlar Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, “Baku Education Information Center”in direktoru Günay Məsimova və "STI Travel”ın meneceri Günel Mirzəzadə tərəfindən təqdim edilib.

İkinci və üçüncü yerlərin qalibləri – Sumqayıt şəhər İsmət Qayıbov adına 1 saylı məktəbin şagirdi Zərifə Atayeva və Xırdalan şəhəri B.Y.Cəfərov adına 3 saylı tam orta məktəbin şagirdi Kənan Kərimzadəyə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nərminə Hüseynova və "BESTCOMP Group"un insan resursları üzrə baş direktoru Fuad Qəmbərov tərəfindən noutbuk və planşet təqdim olunub.

Olimpiadanın birinci yer qalibi Uğur Əlizadə öz sevincini belə ifadə edib:

“Bu olimpiada mənim üçün təkcə bilik yarışı deyil, həm də özümə və potensialıma olan inamımı möhkəmləndirməyə uğurlu bir vasitə oldu. Mükafat olaraq Qlobal gənc liderlər proqramında ödənişsiz iştirak imkanı isə bu uğurun real nəticəsidir”.

Üç mərhələdən ibarət olimpiadanın ilk mərhələsində şagirdlərin ingilis dili üzrə qrammatik bilikləri və oxu bacarıqları, ikinci mərhələdə yazı və dinləmə bacarıqları, son mərhələdə isə danışıq qabiliyyətləri qiymətləndirilib.

Paylaş: