Azərbaycan tarixdə ilk dəfə keçiriləcək çövkən üzrə Avropa çempionatında iştirak edəcək
İyunun 3-7-də Polşanın Şonovitse şəhərində tarixdə ilk dəfə Beynəlxalq Çövkən Federasiyasının (BÇF) təşkilatçılığı ilə çövkən üzrə Avropa çempionatı keçiriləcək.
Fhnews.az xəbər verir ki, bu mötəbər yarışda Avropa qitəsini təmsil edən altı ölkənin – Azərbaycan, Böyük Britaniya, Macarıstan, Malta, Polşa və Türkiyənin milli komandaları iştirak edəcəklər.
Turnir çərçivəsində, iyunun 4-də BÇF-nin üçüncü Baş Assambleyası da baş tutacaq. Assambleya zamanı yeni üzvlərin qəbulu, növbəti kontinental yarışların tarixləri və keçirilmə məkanları, eləcə də federasiyanın gələcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılacaq.
Qeyd edək ki, Beynəlxalq Çövkən Federasiyası tək illərdə kontinental çempionatlar, cüt illərdə isə dünya çempionatlarının təşkilini nəzərdə tutan uzunmüddətli yarış təqvimi formalaşdırıb. 2025-ci il ərzində Asiya, Cənubi Amerika, Afrika və Avropa çempionatlarının keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, BÇF 2024-cü ilin fevral ayında 19 ölkənin iştirakı ilə Bakıda təsis edilib və nizamnaməsi təsdiq olunub. Elə həmin ilin iyun ayında keçirilən ikinci növbədənkənar Assambleya zamanı federasiyaya üzv ölkələrin sayı 54-ə çatıb. 2024-cü ildə Bakıda 10 ölkənin iştirakı ilə çövkən üzrə ilk dünya çempionatı təşkil edilib və Azərbaycan komandası birinci yeri tutaraq mundialın qalibi olub. Elə həmin Assambleyada qəbul edilmiş qərara əsasən, növbəti dünya çempionatı da 2026-cı ildə Bakıda gerçəkləşəcək.
Bakıda kəndirlə mübarizə növü üzrə...
Azərbaycan boksçuları Almatıda 2 qızıl...
FHN-in idmançıları beynəlxalq yarışlarda...
Bakıda minifutbol üzrə dünya və Avropa...
Azərbaycan tarixdə ilk dəfə keçiriləcək...