1 iyun 2025, bazar Bakı, 23°C
IMG-LOGO

“Manipulyatorların hiylələrinə uymayaq” - Ümumdünya Tütünlə Mübarizə Günü qeyd edilir

31-05-2025
IMG

Mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günüdür

Hər il mayın 31-də qeyd olunan Ümumdünya Tütünlə Mübarizə Günü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bütün dünyada təşkil edilən qlobal səhiyyə təşəbbüsüdür. 1988-ci ildə elan olunan bu günün əsas məqsədi tütün istifadəsinin insan sağlamlığına, ətraf mühitə və cəmiyyətə vurduğu zərərlər barədə geniş ictimaiyyəti məlumatlandırmaq, eləcə də tütün sənayesinin manipulyativ strategiyalarını ifşa edərək bu təhlükəli məhsulların yayılmasının qarşısını almaqdır. Eyni zamanda, bu gün hökumətləri, ictimai təşkilatları və fərdi vətəndaşları tütün əleyhinə qanunvericiliyin təkmilləşdirilməsi, maarifləndirmə tədbirlərinin gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi istiqamətində fəal rol almağa təşviq edir.

Ümumdünya Tütünlə Mübarizə Gününün 2025-ci il üzrə mövzusu “Manipulyatorların hiylələrinə uymayaq”dır. Bu mövzu tütün sənayesinin xüsusilə gənc nəsli hədəf alan reklam, qablaşdırma, məhsul dizaynı və sosial media vasitəsilə tətbiq etdiyi gizli və manipulyativ strategiyaların üzə çıxarılmasına yönəlib. Mövzu təkcə klassik siqaretləri deyil, e-siqaretlər və nikotin yastıqları kimi “alternativ” hesab olunan məhsulları da əhatə edir, onların əslində nə qədər təhlükəli olduğunu göstərməyi hədəfləyir. Bu təşəbbüs tütün və nikotin məhsullarının “cazibədar” təqdimatına qarşı ciddi maarifləndirici tədbirlər görülməsini və ictimai müdafiəni gücləndirməyi ön plana çəkir.

Tütün sənayesinin gəncləri hədəf alan strategiyaları

Tütün sənayesi xüsusilə gəncləri və yeniyetmələri hədəf alaraq məhsullarını “cazibədar” göstərmək üçün müxtəlif strategiyalar tətbiq edir. Bu strategiyalar çərçivəsində məhsulların rəngli qablaşdırmaları və müxtəlif dadları gənclərin diqqətini cəlb edir. Tütün məhsulları sosial media platformalarında və rəqəmsal kanallarda reklam olunur. Bəzi məhsullar uşaqlar üçün nəzərdə tutulan konfet və ya cizgi film personajlarına bənzər şəkildə hazırlanır. Bu taktikalar gənclərin tütün məhsullarına marağını artırır və erkən yaşlarda asılılıq riskini yüksəldir.

Tütün istehsalı və istifadəsi ətraf mühitə ciddi ziyan vurur. Statistikaya əsasən, hər il təxminən 200 min hektar meşə tütün əkinləri üçün qırılır. Həmçinin tütün istehsalına ildə 22 milyard litr su sərf edilir. Tütün əkinləri torpağın məhsuldarlığını azaldır və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsini çətinləşdirir. Bundan əlavə, hər il 766,6 milyon kiloqram siqaret kötüyü ətraf mühitə atılır ki, bu da mikroplastik çirklənməyə səbəb olur.

Azərbaycanda tütün məhsullarından istifadə və görülən tədbirlər

Statistikaya görə, ölkəmizdə əhalinin 19,1 faizi tütün məhsullarından istifadə edir. Onların 39,6 faizi kişilər, 0,1 faizi qadınlardır. Kişilər arasında ölümlərin 18,8, qadınlar arasında isə 4,9 faizinə tütündən istifadə səbəb olur. Demək olar ki, hər il ölkədə 3,147 ton siqaret kötüyü ətraf mühitə atılır.

Azərbaycanda tütün məhsullarından istifadəyə qarşı müvafiq addımlar atılır. Ölkəmizdə tütün məhsullarının reklamı və 18 yaşdan kiçik şəxslərə satışı qadağan olunub. Həmçinin müvafiq qurumlar tərəfindən bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirilir.

Maarifləndirmə və hüquqi tədbirlər daha da gücləndirilir

Ümumdünya Tütünlə Mübarizə Günü tütün sənayesinin manipulyativ strategiyalarını ifşa etmək və ictimaiyyəti bu təhlükələr barədə məlumatlandırmaq üçün mühüm platformadır.

Tütündən istifadənin sağlamlıq, iqtisadiyyat və ətraf mühitə vurduğu zərərlər bu sahədə daha ciddi tədbirlərin görülməsini zəruri edir. Buna görə gənclərin bu zərərli vərdişdən qorunması və tütün məhsullarının “cazibədarlığı”nın azaldılması üçün maarifləndirmə kampaniyaları və hüquqi tədbirlər daha da gücləndirilir.

Paylaş: